Martın 4-də Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) birgə təşkilatçılığı ilə Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə (PSTM) tədbiri keçirilib.  

 

Laçın rayonu 21 nömrəli tam orta məktəbdə baş tutan tədbirin məqsədi işğaldan azad edilmiş rayonlara köçürüləcək şagirdlərin mina və partlayıcı sursatların təhlükəsi barədə biliklərinin artırılması olub.  

 

Tədbirdə təhsil naziri Emin Əmrullayev, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov, Yeni Azərbaycan Partiyasının sədr müavini Tahir Budaqov, UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Aleks Haykens, Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev və digər qonaqlar iştirak edib.

 

Tədbir çərçivəsində ANAMA-nın fəaliyyətinə dair sosial çarx və təhlükəli ərazilərin əlamətləri, mina xəbərdaredici işarələrin tanınmasını əks etdirən animasiya nümayiş olunub. Həmçinin məktəb şagirdləri tərəfindən partlayıcı sursatların təhlükəsi barədə maarifləndirici səhnəcik təqdim edilib.

 

Tədbirdə çıxış edən təhsil naziri Emin Əmrullayev təhsil müəssisələrinin müəllim-şagird (tələbə) heyətinin partlayış təhlükəsinə qarşı maarifləndirilməsi barədə metodiki tövsiyələrin hazırlandığını qeyd edib. Nazir bildirib ki, metodiki tövsiyələrə uyğun olaraq məktəblərdə mütəmadi şəkildə mina təhlükəsi, onun fəsadları barədə şagirdlərlə maarifləndirici tədbirlər həyata keçirilir və bu tədbirlərin baş verə biləcək təhlükələrin qarşısının alınması baxımından əhəmiyyəti böyükdür.

 

Nazir həmçinin qeyd edib ki, cari tədris ilində də əvvəlki illərdəki kimi Füzuli, Beyləqan, Ağcabədi, Ağdam, Tərtər, Goranboy, Xocavənd, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Qazax, Ağstafa, Kəlbəcər, Laçın, Cəbrayıl, Şuşa, Qubadlı, Xocalı və Zəngilan rayonlarının bütün ümumi təhsil müəssisələrinin, habelə Naxçıvan MR-in Ermənistanla sərhəddə yerləşmiş ümumi təhsil müəssisələrinin VI siniflərində dərsdənkənar məşğələlərə ayrılmış vaxt hesabına həftədə bir saat olmaqla ikinci yarımildə “Mina təhlükəsinə dair maariflənmə” adlı kursun tədrisi aparılır. 

 

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov "Mina Təhlükəsi ilə Mübarizə" proqramının əsas komponentlərindən biri olan "Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə" proqramının (PSTM) fəaliyyət istiqamətləri barədə məlumat verib. Bildirib ki, ANAMA tərəfindən fəaliyyət çərçivəsində ümumi maarifləndirmə, təlimçilərin təlimi, icma PSTM və məktəblərdə maarifləndirmə tədbirləri həyata keçirilir.


Həmçinin qeyd edilib ki, məktəblərdə PSTM fəaliyyətinin əsas məqsədi müharibədən zərərçəkmiş icmalarda məktəblilərin, eləcə də valideynlərin mina və partlamamış hərbi sursatlara dair biliklərinin artırılmasının təmin edilməsindən ibarətdir.  

 

ANAMA-nın sədri tədbirdə iştirak edən şagirdlərə müraciət edərək mina riskindən qorunmaq üçün şübhəli ərazilərə daxil olmamağın, müharibənin partlayıcı qalıqlarına toxunmamağın və baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması məqsədilə naməlum əşyalara rast gəldikdə 102 və 112 "Qaynar xətt" nömrələrinə məlumat verilməsinin vacibliyini bildirib.

 

Tədbirdə müxtəlif növ mina və partlamamış hərbi sursatların vizual tanınması məqsədilə maketlərdən ibarət nümayiş guşəsi də təşkil edilib.