Təhsil Nazirliyinin dəstəyi, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş “İdman-sağlam həyat” adlı rəsm müsabiqə-sərgisinə yekun vurulub. 

 

Müsabiqə-sərginin keçirilməsində məqsəd uşaq və gənclərin fiziki inkişafının təmin edilməsi üçün onların idmana marağının artırılması, sağlam həyat tərzinin formalaşmasında böyük rol oynayan idmanın təbliğ edilməsidir. Eyni zamanda uşaq və gənclərin yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi və asudə vaxtlarının səmərəli təşkilinin təmin edilməsi, həmçinin istedadlı uşaq və gənclərin aşkar edilməsi də müsabiqənin məqsədlərindəndir. 

 

Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri (incəsənət təmayüllü məktəb və liseylər istisna olmaqla) və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında 3 yaş qrupu üzrə (6-9, 10-13, 14-17) keçirilən müsabiqəyə 165 rəsm işi təqdim olunub. Təqdim edilən rəsm işləri münsiflər heyəti tərəfindən müvafiq meyarlar üzrə qiymətləndirilərək qaliblər müəyyən olunub. 

 

Qeyd edək ki, I, II və III yerlərin qaliblərinin rəsmləri (19 rəsm işi) Gənclər və İdman Nazirliyinin rəsmi feysbuk səhifəsində 4 mart tarixinədək səsverməyə təqdim edilib. Səsvermənin nəticələrinə əsasən, seçilən ən yaxşı rəsm işlərinin qalibləri 5 Mart – Bədən Tərbiyəsi və İdman Günündə Gənclər və İdman Nazirliyi tərəfindən mükafatlandırılacaq.