Martın 2-də Təhsil Nazirliyinin təşəbbüsü ilə ümumi təhsil müəssisələrində keçirilən “İdman həftəsi” layihəsi çərçivəsində Bakı şəhəri 269 nömrəli tam orta məktəbdə tədbir təşkil edilib. 

 

Tədbirdə Təhsil və Gənclər və İdman nazirliklərinin nümayəndələri, tanınmış idmançılar iştirak edib.

 

Tədbir çərçivəsində “İdman həftəsi” layihəsinin proqramına uyğun olaraq şagirdlərin iştirakı ilə nümunəvi çıxışlar, qol güləşi, basketbol idman növü üzrə yarışlar keçirilib, qaliblərə mükafatlar təqdim edilib. 

 

Qeyd edək ki, şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği məqsədilə “5 mart - Bədən Tərbiyəsi və İdman Günü” ərəfəsində ölkənin bütün ümumi təhsil müəssisələrində “İdman həftəsi” layihəsinin tətbiqinə başlanılıb. 

 

4 mart tarixinədək davam edəcək layihə çərçivəsində tərtib edilmiş proqrama uyğun olaraq məktəblilərin iştirakı ilə gündəlik gimnastik hərəkətlər, maarifləndirmə, müsabiqələr, yarışlar, görüşlər, mükafatlandırma və digər tədbirlər təşkil ediləcək. 

 

Layihə təhsilalanların sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyaların dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafı, bu sahədə kütləviliyin təmin edilməsi istiqamətində təhsil sistemi qarşısında qoyulmuş hədəflər baxımından xüsusi əhəmiyyət kəsb edir.