Sumqayıt Dövlət Universitetində (SDU) millət vəkilləri Hicran Hüseynova və Emin Hacıyevlə tələbələrin görüşü keçirilib.
“Azərbaycanda qadın və gənclər siyasəti” mövzusunda təşkil edilən görüşdə SDU-nun rektoru, professor Elxan Hüseynov bildirib ki, cəmiyyət, gənclər siyasəti, ailə və qadın problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər mühüm əhəmiyyət kəsb edir, ölkəmizdə hər iki siyasət uğurla davam edir.
“Tarixən hər bir xalq xoşbəxt gələcəyinə olan ümidlərini, ilk növbədə, gənc nəslə bağlayır. Gənc nəslin mükəmməl yetişdirilməsi ölkədə prioritet məsələlərdən biridir. Gənclər ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatda fəal iştirak edir, ölkədə baş verən bütün proseslərin mərkəzində dayanırlar. 44 günlük Vətən savaşı bir daha göstərdi ki, ölkəmizin gələcəyi əmin əllərdədir. İkinci Qarabağ müharibəsi Azərbaycan gənclərində torpaq, Vətən sevgisinin nə qədər böyük olduğunu aydın şəkildə ortaya qoydu. Gənclərimiz həm döyüş meydanında, həm də informasiya müharibəsində vətənpərvərlik hisslərini nümayiş etdirdilər”-deyən rektor Azərbaycan qadınının cəmiyyətdəki rolundan da danışıb.
Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova tədbirdə “Azərbaycanda qadın siyasəti” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlı olması danılmaz faktdır:” O, qadınların idarəetmədə, sosial həyatın bütün sahələrində irəli çəkilməsini vacib bilmişdir. Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, onlara yüksək imtiyazların verilməsi, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması Heydər Əliyev siyasətinin ayrılmaz tərkib hissələrindən olmuşdur”.
“Azərbaycanda gənclərin inkişafı və xaricdə təhsil məsələləri” mövzusunda məruzə ilə çıxış edən millət vəkili Emin Hacıyev ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin əhəmiyyətindən, Prezident İlham Əliyevin gənclərə diqqət və qayğısından danışıb, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” haqqında məlumat verib. Bildirib ki, Dövlət Proqramının əsas məqsədi gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilalma imkanları yaratmaqla, onların müasir texnologiyaları çevik mənimsəyən, praktiki bilik və bacarıqlara yiyələnən, hazırkı, eyni zamanda gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli, yüksəkixtisaslı peşəkar kadrlar kimi hazırlanmasını təmin etməkdir.
Tədbirin sonunda millət vəkilləri tələbələrin suallarını cavablandırıblar.