Fevralın 13-də keçirilmiş qəbul imtahanlarının ikinci mərhələsi üzrə sınaq imtahanında ən yüksək nəticə göstərən 25 abituriyent Dövlət İmtahan Mərkəzinin (DİM) Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən yeni inzibati binasında təşkil edilən “Açıq qapı” gününə dəvət olunub. 10 abituriyent regionlarda olmasına və üzrlü səbəblərə görə görüşə onlayn qoşulub.

 

Tədbirdən əvvəl abituriyentlər DİM-də yaradılmış və ölkəmizin milli qiymətləndirmə sisteminin tarixini əks etdirən muzeylə tanış olublar. İştirakçılara milli qiymətləndirmə sisteminin yaradılması və keçdiyi inkişaf yolu barəsində məlumat verilib.

 

Tədbir zamanı DİM-in struktur bölmələrinin əməkdaşları mərkəzin fəaliyyət istiqamətləri, bakalavr səviyyəsinə qəbul imtahanları və ərizə qəbulu, qapalı şəraitdə imtahan materiallarının hazırlanma prinsipləri, DİM tərəfindən keçirilən beynəlxalq imtahanlar, sınaq imtahanları platforması otk.az internet saytının imkanları haqqında təqdimatlarla DİM-də görülən işlər və xidmətlərlə iştirakçıları tanış ediblər. Bununla yanaşı, DİM-in struktur bölmələrinin rəhbərləri sınaq imtahanında yüksək nəticə göstərmiş abituriyentləri təbrik edərək onlara qəbul imtahanında, eləcə də gələcək fəaliyyətlərində uğurlar arzulayıb, qarşıdakı imtahanlar, ərizə qəbulu və digər məsələlər barəsində məlumat, tövsiyələr verib və abituriyentləri maraqlandıran sualları cavablandırıblar.

 

Qeyd edək ki, DİM tərəfindən yüksək nəticə göstərən abituriyentlərə hədiyyə olaraq “Abituriyent” jurnalının 2022-ci il tarixli 1-ci sayı, “Abituriyent” nəşrlərinə dair broşur və otk.az internet saytında yerləşdirilmiş sınaq imtahanlarından ödənişsiz faydalanmaq üçün 20 AZN dəyərində kuponlar təqdim edilib.