Təhsil müəssisələrinin müəllim-şagird heyətinin partlayıcı hərbi sursat və mina təhlükəsinə dair maarifləndirilməsi ilə bağlı “Açıq dərs”lər davam edir.
Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş növbəti “Açıq dərs”lər paytaxtdakı 258 və 31 nömrəli tam orta məktəblərdə keçirilib.
Dərslərdə Təhsil Nazirliyinin əməkdaşı Rövşən Ağayev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanova, Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə qrupunun rəhbəri, baş leytenant Süleyman Heydərov, FHN-nin İctimaiyyətlə əlaqə idarəsinin şöbə rəisi, baş leytenant Samir Rzalı, Vətən Müharibəsində iştirak edən müəllimlər, Nərimanov və Yasamal rayon ərazisində yerləşən məktəblərin Gənclərin çağırışaqədərki hazırlığı rəhbərləri, şəhidlərin ailə üzvləri və şagirdlər iştirak ediblər.
“Açıq dərs”lərdə mülki müdafiənin məqsədi və əhəmiyyəti barədə şagirdlərə geniş məlumat verilib.
Həmçinin “Açıq dərs”lərdə Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Süleyman Heydərov və Gənclərin çağırışaqədərki hazırlığı rəhbərləri tərəfindən qəza zamanı göstərilən ilk tibbi yardım, minaların növləri, onların təhlükəsi və digər mövzular barədə məlumatlar əyani vəsaitlər və videoçarxlar vasitəsilə nümayiş olunub. Praktiki olaraq şagirdlərə mina partlayışı zamanı ilkin xilasetmə işləri öyrədilib.
Eyni zamanda partlayıcı hərbi sursat və mina partlayışı nəticəsində yaralanmış qazilər partlayıcı qurğuların törətdiyi təhlükədən danışaraq bununla bağlı öz tövsiyələrini veriblər.
Qeyd edək ki, “Açıq dərs”lərin keçirilməsinin əsas məqsədi təhsil müəssisələrinin müəllim-şagird heyətinin diqqətini baş verə biləcək fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, onların partlayıcı hərbi sursat və mina təhlükəsinə qarşı bilik və bacarıqlarını təkmilləşdirməkdən ibarətdir.