Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Bahar çələngi” adlı layihəyə start verilir.
Layihənin əsas məqsədi təhsilalanları mənəvi dünyamızın bir hissəsi olan Novruz bayramı, bütövlükdə dəyərlərimiz barədə məlumatlandırmaq, onları bu dəyərlərə məhəbbət ruhunda tərbiyə etmək, şagirdlərdə yaradıcı düşüncə meyillərini gücləndirməkdən ibarətdir.
Layihə çərçivəsində ümumi təhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərində “Bahar çələngi” adlı Novruz tədbirlərinin keçirilməsi nəzərdə tutulur.
Bundan əlavə, məktəb kitabxanalarında “Novruz bayramı bədii ədəbiyyatda” adlı tədbirlər təşkil olunacaq, mənəvi dəyərlərimizin əks olunduğu bədii nümunələr (əsərlər) əsasında tamaşalar hazırlanacaq.
Novruz bayramının qeyd edildiyi digər ölkələrin də adət-ənənələrinin əks olunduğu seminarların keçirilməsi, idman yarışları və xalq oyunlarının, “Novruz bayramı və mətbəx mədəniyyətimiz” adlı kulinariya günlərinin təşkil olunması planlaşdırılır.
Eyni zamanda, “Bahar çələngi” adlı Novruz guşələrinin və divar qəzetlərinin hazırlanması, məktəb həyətinin yaşıllaşdırılması, “Bahar çələngi” festivalının keçirilməsi də nəzərdə tutulur.
Layihə çərçivəsində həyata keçirilən tədbirlərdə fərqlənən təhsil müəssisəsi, müəllim və şagirdlər təltif olunacaqlar.