Mingəçevir Dövlət Universitetinin (MDU) pedaqoji fakültəsində “Birinci vitse-prezident Mehriban Əliyevanın humanitar missiyası” mövzusunda seminar keçirilib. Seminar “MDU-da ideoloji maarifləndirmə konsepsiyası ilə bağlı Tədbirlər Planı” çərçivəsində baş tutub.
Pedaqoji fakültənin dekanı, dosent Nizami Zeynalovun moderatorluğu ilə keçirilən seminarda universitetin akademik və inzibati heyət üzvləri, tələbələr və magistrantlar iştirak ediblər.
Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev müasir Azərbaycan qadınının qürur doğuran obrazını dünyaya layiqincə təqdim edən və dövlətimizin inkişafında misilsiz xidmətlər göstərən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın zəngin, çoxşaxəli və nümunəvi fəaliyyətinin öyrənilməsi, təbliğinin gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi işinə mühüm töhfə verdiyini diqqətə çatdırıb və seminarın işinə uğurlar arzulayıb.
Sonra Pedaqogika və psixologiya kafedrasının dosenti Sahib Məmmədov, Humanitar fənlər kafedrasının müəllimi Aygün Qədirova məruzə ilə çıxış ediblər.
Məruzələrdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın humanist, xeyriyyəçi, nüfuzlu ictimai-siyasi xadim kimi ölkəmizin hərtərəfli tərəqqisi istiqamətində görülən işlərə verdiyi sanballı töhvələrdən, təhsil, səhiyyə və mədəniyyətin inkişafında, ölkəmizin beynəlxalq imicinin yüksəlməsində göstərdiyi əvəzolunmaz xidmətlərindən bəhs edilib.