Azərbaycan Texniki Universitetinin (AzTU) UNESCO-nun maliyyə dəstəyilə həyata keçirdiyi “Davamlı inkişaf üçün mühəndislik təhsilində qızların iştirakının artırılması” layihəsi çərçivəsində təlimlər başlayıb. Universitetin beynəlxlaq əlaqələr üzrə prorektoru Sübhan Namazov layihə haqqında məlumat verib.
O, iqtisadiyyatın inkişafında mühəndislik peşəsinin əhəmiyyəti, bu sahəyə qadınların da töhfəsinin zəruriliyi, müasirləşən mühəndislik peşələrinin qadınlar üçün uyğunluğu, eləcə də AzTU-nun tələbə qızlarının bu sahədə qazandığı uğurlar haqqında danışıb.
Daha sonra layihənin gender üzrə mütəxəssisi Günel Ağabəyli mühəndis qızların uğur hekayələrindən və dünyada bu peşədə təmsil olunan qadınların nailiyyətlərindən söhbət açıb.
Qeyd olunub ki, layihə çərçivəsində şagirdlərə STEM, elektronika, layihələndirmə və proqramlaşdırma, mühəndislik dizaynı, “Python” təlimləri, mühəndislikdə qadınların iştirakının təşfiqi mövzularında silsilə təlimlər və seminarların keçirilməsi nəzərdə tutulub.
Təlimlərə AzTU-nun və digər müəssisələrin bu sahədə ixtisaslaşan peşəkar mütəxəssisləri rəhbərlik edir.