100 yaşlı 162 nömrəli məktəb


Bakı şəhəri şəhid Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. “Bir əsrin xatirəsi” adlı tədbir məktəbin həyətində şəhid Etibar Əliyevin barelyefinin açılışı ilə başlayıb.

 

Açılışda şəhidin atası Allahverdi Əliyev oğlunun adını daşıyan təhsil müəssisəsinin 100 ildir ki, uğurla fəaliyyət göstərməsindən böyük qürur hissi keçirdiyini bildirib.

 

Tədbiri  giriş sözü ilə açan məktəbin direktoru Sevinc Abbasova, qonaqlara 100 ildir fəaliyyət göstərən təhsil müəssisəsinin keçdiyi inkişaf yolu və bu müddət ərzində qazandığı uğurlar barədə məlumat verib. Direktor qeyd edib ki, 162 nömrəli tam orta məktəb 1917-ci ildə Bakı milyonçusu Murtuza Muxtarov tərəfindən yaradılmış qız məktəbi kimi məşhur olub.

 

O, məktəbin təcrübəli pedaqoji kollektivinin olduğunu, müəllimlərin səylə çalışdığını, şagirdlərin bilik, bacarıq və vərdişlərinin formalaşdırılmasında əvəzsiz xidmətlər göstərdiyini qeyd edib.

 

Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva məktəb kollektivini 100 illik yubiley münasibətilə təbrik edib, onlara işlərində müvəffəqiyyətlər arzulayıb.

 

M.Vəliyeva Cümhuriyyətimizin yaşıdı olan təhsil müəssisəsinin kifayət qədər zəngin inkişaf yolu keçdiyini bildirib. İdarə müdiri qeyd edib ki, paytaxtın təhsil həyatında özünəməxsus ənənələrilə fərqlənən məktəbin tədris nailiyyətləri son illərdə xüsusilə yaxşılaşıb, məzunların ali məktəblərə qəbul göstəriciləri xeyli yüksəlib. Bütün bunlar onu deməyə əsas verir ki, 100 yaşlı tədris ocağı öz həyatının ikinci yüzilliyinə ciddi uğurlarla qədəm qoyur.

 

YAP Səbail Rayon Təşkilatının sədri, millət vəkili Şəmsəddin Hacıyev, valideynlər,   vaxtı ilə bu məktəbdə işləyib, indi isə təqaüddə olan müəllimlər yubiley tədbirinə  qatıldıqlarından məmnun olduqlarını bildirərək, kollektivi təbrık ediblər.

 

Daha sonra məktəbin  şagirdləri məktəbə, vətənə, müəllimə aid şeir söyləyib, mahnı oxuyub,  ədəbi- bədii kompozisiya nümayiş etdiriblər.

 

Sonda Bakı Şəhəri üzrə Təhsil İdarəsi və ATİAHİ Səbail rayon təşkilatı tərəfindən məktəbin pedaqoji kollektivinin bir sıra üzvünə səmərəli fəaliyyətlərinə görə Fəxri fərman və hədiyyələr təqdim olunub.

 

Şakir CƏFƏROV