Naxçıvan Dövlət Universitetində (NDU) muxtar respublikanın Rabitə və Yeni Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə “Microsoft” korporasiyasının Azərbaycan nümayəndəliyi tərəfindən professor-müəllim heyətinə və tələbələrə “Təhsildə rəqəmsal transformasiyalar və innovasiyaların rolu”, “Müasir virtual iş yeri”, “Verilənlərin intellektual təhlili və vizuallaşdırılması”, “Maarifləndirmə, rəqəmsal transformasiya üçün bacarıqların inkişaf etdirilməsi” mövzusunda  təlim keçirilib.

 

NDU-nun rektoru Elbrus İsayev bu cür təlimlərin əhəmiyyətini qeyd edərək müasir dövrdə vacib olan İT bacarıqlarının qiymətləndirilməsi və bu sahədə süni intellekt texnologiyalarının geniş istifadə olunduğunu diqqətə çatdırıb. Texnologiyalar Parkı layihəsinin həyata keçirilməsində informasiya texnologiyalarının vacibliyini qeyd edən rektor bu sahədə yeni bilik və bacarıqların əldə olunmasının effektiv təsirini xüsusi vurğulayıb.

 

Rabitə və Yeni Texnologiyalar naziri Vüsal Sevdimaliyev rabitə və yeni texnologiyalar sahəsinə göstərilən dövlət qayğısından danışıb.

 

Tədbirə onlayn qatılan “Microsoft” korporasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri, Amerika Ticarət Palatasının Rəqəmsal Texnologiyalar və İnnovasiyalar komitəsinin sədri, Azərbaycan Sahibkarlar Konfederasiyasının İnnovasiyalar və Rəqəmsal Həllər komissiyasının üzvü Qaçay Mirzəyev dünyanın ən qabaqcıl texnologiyalarının tətbiqindən bəhs edib. Qeyd edilib ki, internet olan istənilən yerdən iş yeri və iş vaxtının idarə olunması ilə bağlı proqramın yaratdığı imkanlar müvafiq əmək fəaliyyəti üzrə məhsuldarlığa heç bir neqativ təsir olmadan işçiyə məsafədən işləmək seçimi verir. Vurğulanıb ki, “Azure Virtual Desktop, Windows 365” və virtual iş yeri kimi tanınan “Microsoft 365” həlləri pandemiya şəraitində əməkdaşların məsafədən fəaliyyət göstərməsi üçün əlçatan, təhlükəsiz, səmərəli və uyğunluq tələblərinə cavab verən həll yoludur.

 

“Microsoft” sertifikatlı təlimçi, Təhsil Layihələri Meneceri Emin Axundov onlayn qoşulduğu tədbirdə “Təhsildə Rəqəmsal Transformasiya və İnnovasiyaların rolu”,  “Microsoft” sertifikatlı təlimçi Fuad Tağıyev “Verilənlərin intellektual təhlili və vizuallaşdırılması”, “Microsoft” sertifikatlı təlimçi Fərhad Kərimov isə rəqəmsal transformasiya haqda danışıblar.

 

Vebinarın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.