Bakı Mühəndislik Universitetində (BMU) Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan xüsusi dərslər təşkil edilib.

 

Universitetin Ümumi fənnlər kafedrasının əməkdaşları tərəfindən söylənilən məruzələrdə Xocalı soyqırımının XX əsrdə xalqımıza qarşı törədilmiş ən qanlı cinayətlərdən biri olduğu, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün beynəlxalq hüquq normalarını pozaraq, mühasirədəki Xocalı şəhərinin dinc əhalisinin üzərinə ağır hərbi texnika yeritdiyi, onlara misli görünməmiş qəddarlıqla divan tutduğu, şəhərin barbarcasına yerlə-yeksan edildiyi bildirilib.

 

Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilməsi istiqamətində ümummilli lider Heydər Əliyevin tarixi missiyasının vurğulandığı məruzələrdə Ulu Öndərin təşəbbüsü ilə bu yöndə qəbul olunan mühüm qərarlar sadalanıb. Prezident İlham Əliyevin göstərişi ilə hər il Xocalı soyqırımının genişmiqyaslı tədbirlərlə qeyd edildiyi, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində məqsədyönlü işlərin görüldüyü, nəticədə bu qətliama beynəlxalq siyasi qiymət verildiyi və soyqırımın bir sıra ölkələr tərəfindən tanındığı diqqətə çatdırılıb.

 

Məruzələrdə bildirilib ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tarixi ədaləti, beynəlxalq hüququ bərpa edib, şəhidlərimizin, Xocalı qurbanlarının qisası alınıb.

 

Xüsusi dərslərdə Xocalıya hücum zamanı şücaət göstərmiş Azərbaycanın Milli Qəhrəmanlarından bəhs olunub, tələbələrin məruzələr ətrafında sualları cavablandırılıb.