XX əsrin Holokost, Oradur, Lidisa, Xatın, Sonqmi və Srebrenitsa kimi dəhşətli faciələri ilə bir sırada dayanan Xocalı soyqırımından düz 30 il ötür.

 

Ermənistanın Qafqazda həyata keçirdiyi etnik separatizmin, başqa xalqlara qarşı nifrət və terror ideologiyasının nümunəsi olan amansız Xocalı qətliamı tragik, tükürpədən, insanlığa utanc olan qorxunc mənzərə yaratdı. Ermənistan hərbi birləşmələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayı ilə birlikdə şəhərə hücum planını işə salaraq, insanların həyatına qəddarcasına son qoydular. Xocalı bir gecənin içində qan gölünə, ölü şəhərə çevrildi. Bu vəhşilik tarixə 106 qadının, 63 uşağın, 70-i yaşlı insan olmaqla, 613 nəfərin qətlə yetirilməsi, 1275 sakinin girov götürülməsi, 150 nəfərin isə taleyinin naməlum qalması gerçəyini yazdı.

 

Təkcə bu da deyildi. 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi, onlardan 76 nəfəri uşaq idi. 8 ailə tamamilə məhv oldu. 25 uşaq hər iki valideynini və 130 uşaq bir valideynini itirdi. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla - diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürüldü. Bu barbarlıq, vandalizm aktı Xocalı  şəhərində bir cəhənnəm səhnəsi yaratdı, yurdumuzun bu parçasını yoxa çıxardı: bütün sosial-məişət obyektləri, fərdi yaşayış binaları, məktəblər, klublar, kitabxanalar, mədəniyyət evləri, muzeylər, türbələr, günbəzlər, infrastruktur, hətta məzarlar belə dağıdıldı.  O məkrli niyyətlə ki, azərbaycanlıların izləri Qarabağdan tamamilə silinsin!

 

Terroru dövlət siyasətinə çevirən Ermənistanın bu cinayətlərinin bir səbəbi də xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcburiyyət yaratmaqdan ibarət idi.

 

Doğrudur, Azərbaycan xalqı, dövləti çox böyük zərbə aldı, hadisələrdən sarsıldı, amma tarixi yurdunu unutmaq, onu erməni vəhşilərinin əlinə buraxmaq məcburiyyətini qəbul etmədi. Hadisələrdən sonrakı dövr Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması, bütün beynəlxalq tribunalara qətliamın isbatları ilə qalxmaq, fotoşəkilləri, video materialları, xarici jurnalistlərin dünya mediasında çap olunan məqalələrini sübut olaraq hər yerə təqdim etmək fəaliyyətindən ibarət oldu. Özü də intensiv fəaliyyət. Çoxsaylı kitabların çapı, məqalələrin hazırlanması, xarici ölkələrdə Xocalıya dair tədbirlərin keçirilməsi işi sürətlə aparıldı, beynəlxalq ictimaiyyət ardıcıl olaraq məlumatlandırıldı. Diaspora təşkilatlarımız hadisələrin obyektiv çatdırılması üçün sistemli fəaliyyət göstərdi. Xocalı həqiqətləri üçün millətin səfərbərliyinin müsbət nəticəsi o oldu ki, bu soyqırımı cinayəti bir sıra ölkələr tərəfindən tanındı və faciəyə beynəlxalq siyasi qiymət verildi. Xocalı soyqırımı bu günə qədər ABŞ-ın 30-dan çox ştatının parlamentləri səviyyəsində tanınıb. 2013-cü ilin fevral ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommünikedə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırıldı. Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən etdi. Bundan başqa, Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən soyqırımı ilə bağlı müvafiq qətnamələr qəbul olundu.

 

Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması prosesində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” kampaniyası əvəzedilməz əhəmiyyətə malik oldu...

 

Azərbaycan dövləti və xalqı Xocalı üçün bu 30 ildə zəruri olan bütün addımları atdı. Cinayəti sənədləşdirdi; Olduqca acı, dəhşətli faktları dünyaya çatdırdı; Faciə gələcək nəsillərin hafizəsinə ötürülməsi üçün dərsliklərə salındı; Xocalı soyqırımı qurbanlarının xatirəsi hər il yad edildi; əbədiləşdirilməsi məqsədilə abidə kompleksi ucaldıldı; Cinayətin törədilməsinə görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılması tələbi hər zaman aktual saxlanıldı; Ən vacibi, Xocalının intiqamı alındı! Qarabağdakı Möhtəşəm Zəfərlə! Zehnində qorxunc erməni vəhşiliklərini saxlayan, heç vaxt unutmayan xalqımızın qisas cavabı dinc erməni sakinləri, günahsız erməni uşaqları olmadı, ədalətli müharibə ilə verilən cavab onlar üçün daha ağır nəticələr yaratdı. Azərbaycan ordusu Qarabağda erməni hökmranlığını məhv etdi. İşğaldakı torpaqlarımız üzərində qurulan böyük xəyallarını puça çıxardı, yurdumuzun gözəl şəhərlərini istila zəncirindən bir-bir qopardı. İntiqamını məhz belə aldı!

 

Müharibədəki tarixi Qələbəmiz Xocalı ilə bağlı işlərimizin bitməsi, təbliğatımıza artıq ara verilməsi demək deyil. Bu təbliğat hər zaman aparılacaq. O qara tarixi unutmamaq üçün!!!

 

Vəfa ALLAHVERDİYEVA