Ümumi təhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərində ilk dərs və məşğələlər Xocalı soyqırımının otuzuncu ildönümünə ildönümünə həsr edilir.
“Xocalı soyqırımının otuzuncu ildönümünün keçirilməsi ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı”na əsasən tədris olunan dərslər Xocalı qurbanlarının xatirəsini yad etmək, böyüməkdə olan nəslə XX əsrin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımı haqqında ətraflı məlumat vermək, məktəblilərdə düşmənə qarşı barışmazlıq hissi, Vətənə, doğma torpağa sədaqət və məhəbbət duyğularını gücləndirmək məqsədlərinə xidmət edir.
Dərslər Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin və Xocalı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayır.
Müəllimlər Xocalı soyqırımının Azərbaycanın ictimai-siyasi fikir tarixində əsas yerlərdən birini tutmaqla dövlətimizin həm daxili, həm də xarici siyasətində daim diqqət mərkəzində olduğunu diqqətə çatdırırlar. Bildiriblər ki, Xocalı soyqırımı Ermənistanın ölkəmizə qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifəsidir. Ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə yenidən hakimiyyətə gəldikdən sonra həmin qanlı faciəyə hüquqi-siyasi qiymət verilib. Bu gün Prezident İlham Əliyevin səyləri, Azərbaycanın artan nüfuzu, uğurlu diplomatiyası sayəsində dünya ictimaiyyəti başa düşür ki, Ermənistan siyasətinin əsasında terrorçuluq və işğalçılıq siyasəti dayanır.
Daha sonra şagirdlərin Xocalı faciəsi ilə bağlı fikirləri dinlənilib, müvafiq mövzu ətrafında müzakirələr aparılıb. Şagirdlər Vətənə, topağa aid şeirlər səsləndiriblər.
Bundan əlavə, tədbirlər Planının təsdiq edilməsi barədə əmrə əsasən, karantin rejiminin tələbləri nəzərə alınmaqla təhsil müəssisələrində Xocalı soyqırımı ilə bağlı tədbirlər (ədəbi-bədii kompozisiyaların, şagirdlərin əl işlərindən ibarət rəsm sərgilərinin təşkil edilib, sənədli və bədii filmlərin nümayişi və s.) keçirilib, soyqırım şahidləri, həlak olmuş şəxslərin ailə üzvləri ilə görüşlər təşkil olunub.
Qeyd edək ki, fevralın 26-da da ümumi təhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərində ilk dərs və məşğələlər Xocalı soyqırımının otuzuncu ildönümünə ildönümünə həsr olunacaq.