“Təhsilə ictimai baxış”da növbəti mövzu müzakirə olunub


Azərbaycanda məktəb-valideyn tərəfdaşlığının real vəziyyəti araşdırılıb. Araşdırmanın nəticəsi Təhsil Nazirliyi yanında İctimai Şuranın və “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə “Təhsilə ictimai baxış” adlı silsilə müzakirələr çərçivəsində təhlil olunub. Bütün maraqlı tərəflərlə səmərəli dialoq qurmaq və mövcud vəziyyəti yaxşılaşdırmaq üçün reallıqları müzakirə etmək, ictimai rəyi öyrənmək və təhsildə inkişafın mümkün istiqamətlərini nəzərdən keçirmək məqsədilə təşkil edilən növbəti müzakirə “Məktəb-valideyn tərəfdaşlığı: reallıqlar və yeni yanaşmalar” mövzusunda olub. Müzakirələrə təhsil naziri Emin Əmrullayev də qatılıb və o, təhsil sistemində mövcud reallığa ictimai baxışın maraqlı məqamlarına diqqət çəkib.

 

Problemləri göstər, həlli yolu ilə bağlı təklifini ver

 

Valideyn-məktəb tərəfdaşlığında birinci məsələ məktəb idarəetməsidir. Ümumtəhsil, o cümlədən məktəbəqədər və peşə təhsil müəssisələri də daxil olmaqla, ölkədə 7000-ə qədər təhsil müəssisəsi var və bu müəssisələrdən birində baş verən hər hansı hal cəmiyyətdə böyük rezonans yaradır. Həmin hadisənin, o cümlədən bunun kimi başqa hadisələrin ortaya çıxması və günlərlə müzakirəsindən görünən odur ki, bütün vaxtımızı, gücümüzü problemlərin müəyyənləşməsinə sərf edirik. Ancaq bu, prosesin, sadəcə ilk mərhələsidir və yalnız bundan danışmaqla problemin həllini unuduruq. Nazir Emin Əmrullayev təklif edib ki, problemləri göstərməklə yanaşı, yaxşı olar ki, problemin həlli yolu ilə bağlı təkliflər də olsun.

 

Təhsil siyasətimizin mərkəzində uşaqlar durmalıdır

 

Problem varsa, onun bir həlli yolu da var. Bu həll isə hər kəsin öz məsuliyyətini müəyyənləşdirməsindən başlayır. Təhsil naziri hesab edir ki, “Məktəb kimindir?” - sualının cavabı əsas məsələdir: “Çünki məktəblər yalnız Təhsil Nazirliyinin deyil, həm də müəllimlərin, şagirdlərin, valideynlərindir. Azərbaycan məktəbi ölkə ictimaiyyətinin, dövlətin, ən önəmlisi, şagirdlərindir. Çünki məktəbin əsas mahiyyəti, mənası orada oxuyan uşaqlardır”.

 

Təhsil siyasətinin mərkəzində də məhz uşaqlardır: “Təhsil siyasətimizin mərkəzində uşaqlar durmalıdır, nəinki hansısa daha kiçik məsələlər. Əminliklə deyə bilərik ki, məktəblərdə baş verən, öz-özlüyündə vacib olan istənilən məsələ uşaqların maraqlarından kiçikdir. İctimai maraqlar baxımından şagirdlərə yönəlik siyasət yürütmək bizim üçün vacibdir”.

 

Məktəbə münasibətdə ictimai məsuliyyət bölüşdürülməlidir

 

Uşaqların maraqları isə məktəbdə onlar üçün münbit şərait yaratmağı tələb edir. Bunun üçün məktəbin daha səmərəli idarə, təlim-tərbiyənin daha yaxşı təşkil olunması qarşısına qoyduğu məqsədlərə nail olan məktəb yaratmaq üçün çox önəmlidir. Ona görə də Təhsil Nazirliyində məktəb rəhbərlərinin seçiminə önəm verilir: “Məktəb direktorlarının davranışı işimizin 50-60 faizidir. Çalışırıq ki, direktorları müsabiqə əsasında götürək, uyğun olanları seçək. Bu istiqamətdə islahatlarımız davam edəcək”.

 

Bəs, ictimaiyyətin nəzərində yaxşı məktəb hansıdır?

 

Təhsil naziri məktəbdən gözləntilərə aydınlıq gətirib: “Məktəb indikatoru şagirdlərinin topladığı bal deyil, yetişdirdiyi insanlardır”.

 

Bəs, həmin məktəb necə olmalıdır? Nazir bu suala da cavab axtarıb: “Bir ekstremal model budur ki, məktəb yalnız Təhsil Nazirliyinindir, bütün məsələlərə görə o, məsuliyyət daşıyır. Nazirliyin məsuliyyəti ölkə qanunvericiliyi ilə müəyyən olunub və bu çərçivədə məsuliyyətimizi danmırıq. Amma gəlin görək, uşaqların böyüməsi, gələcək nəslin yetişməsi üçün bizdən başqa, məsuliyyətli insan varmı?”.

 

Hədəfə gedən yolda hər kəsin məsuliyyətini müəyyənləşdirmək cəmiyyətin öz boynuna düşür. Nazir hesab edir ki, müzakirə olunması vacib məsələlərdən biri məhz ictimai məsuliyyətin bölüşdürülməsidir.

 

İştirakçılıq: onu hansı formada təmin etmək olar?

 

Məsələn, hansı modellər və formatlar üzərindən ictimaiyyətin məktəb idarəetməsində iştirakçılığını təmin edə bilərik?

 

Sözsüz ki, məsuliyyət varsa, mütləq qaydada ictimai səlahiyyətlər də olmalıdır: “Müşahidələr göstərir ki, ictimaiyyət olaraq hər hansı məsələni mərkəzləşdirib idarə etməyi daha asan və effektiv hesab edirik. Valideyn-məktəb assosiasiyası ilə bağlı müzakirələr də göstərir ki, məsuliyyəti öz üzərimizə götürməkdənsə, hər hansı qurum yaradıb qərarvermə səlahiyyətlərini ona həvalə etməyə üstünlük veririk”.

 

Nazirin fikrincə, ictimai iştirakçılığın bir forması olan valideyn-məktəb assosiasiyasını hansı formatda təsəvvür etdiyimiz, hansı modelə üstünlük verəcəyimiz vacibdir: “Hansı modeli seçirik - mərkəzləşmiş, yoxsa qeyri-mərkəzləşmiş model? Qərar verməliyik ki, Valideyn-Müəllim Assosiasiyası nazirliyin tənzimlədiyi, yoxsa valideynlərin özünün idarə etdiyi bir qurum olmalıdır? Bu, çox konseptual sualdır”.

 

Ancaq hər şeydən əvvəl, valideyn-məktəb əməkdaşlığının mövcud vəziyyətinin təhlilinə ehtiyac var: “Bu təhlillə 15 il bundan əvvəl təklif olunan modelin 2022-ci ildə uyğun olub-olmadığını müəyyənləşdirək. Valideyn-Məktəb Assosiasiyasını təkmilləşdirməyə ehtiyac olub-olmadığına qərar verək. Bu, ilk növbədə, müəllim, məktəb və valideyn münasibətlərində VMA-nın göstərdiyi təsirin ölçülməsi ilə bağlı tədqiqat işi ola bilər. Üçüncü tərəf belə bir qiymətləndirmə tədqiqatı aparsa, biz daha aydın şəkil görərik və qərar vermək asan olar”.

 

İştirakçılıq nədir və bunu hansı formada təmin etmək olar? - sualının cavabını tapdıqdan sonra da həlli vacib önəmli suallar çıxır: bunu necə etmək olar ki, həm şəffaflıq olsun, həm ictimai maraqlar təmin olunsun, həm də bunu edərkən hansısa maraqlara xidmət edilməsin.

 

Azərbaycanda ictimai nəzarət amilinə böyük diqqət yetirildiyini, bunun  dövlət başçısının çıxışlarında əhəmiyyətli yer tutduğunu vurğulayan təhsil naziri dövlət siyasətinin bu vacib xəttinə Təhsil Nazirliyinin fəaliyyətində xüsusi önəm verildiyini deyib: “Təhsil Nazirliyi yanında İctimai Şura fəaliyyət göstərir və artıq nazirliklə İctimai Şuranın əməkdaşlıq ənənəsi formalaşıb ki, bu da irəliyə doğru addımdır”.

 

Təhsil naziri İctimai Şuranın bir qədər genişləndirilmiş formatını yaratmağı təklif edib. Müəyyənləşdiriləcək yeni model və formatda müzakirələr davam edə bilər.

 

Müzakirələrimizin prioriteti dəyişməlidir ki...

 

Prioritetləşmə məsələsini vacib hesab edən təhsil nazirinin fikrincə, müzakirələrimizdə nədən danışdığımız önəmlidir: “Təhsil Nazirliyi olaraq bütün mövzuları müzakirə etməyə hazırıq. Ancaq cəmiyyətə hansı mövzunu izah etdiyimiz vacibdir. Çünki bizim üçün bu, resursdur, zamandır və prioritetdir”.

 

Məzmunu yox, daha çox məktəblərin idarəedilməsinin müzakirə olunduğunu vurğulayan E.Əmrullayev bir məqama xüsusi diqqət çəkib: “Nəzərə almalıyıq ki, məktəblərdə ölkəmizin gələcəyi olan uşaqlar, övladlarımız oxuyur. Onların tərbiyəsi və təlimi Azərbaycanın 20-30 il sonrakı reallığıdır. Onlar da masa arxasına əyləşib bu gün bizim burda müzakirə etdiyimiz məsələləri danışacaqlarsa, indiki vəzifələrimizdən asılı olmayaraq, qarşıdakı 20-30 il ərzində yerimizdə saymış olacağıq”.

 

Bunun baş verməməsi üçün isə Təhsil Nazirliyi hər cür əməkdaşlığa hazırdır: “Hesab edirsinizsə ki, Təhsil Nazirliyi problemlərlə tək mübarizə aparmalıdır, buna hazırıq. Ancaq bu mübarizədə bizə dəstəyini təklif edən çıxarsa, əməkdaşlığa da hazırıq”.

 

13580 valideyn arasında aparılan sorğu məktəb-valideyn tərəfdaşlığının real vəziyyətini ortaya qoyub

 

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova məktəb-valideyn tərəfdaşlığı ilə bağlı mövcud vəziyyəti öyrənmək, bu tərəfdaşlığın səmərəli qurulması və inkişaf etdirilməsi istiqamətində maraqlı tərəflərin fikirləri ilə tanış olmaq, beləliklə, məktəb-valideyn tərəfdaşlığı modelinin yeni formalarını hazırlamaq üçün yaradılan işçi qrupdan danışıb və onun həyata keçirdiyi sorğuya diqqət çəkib. G.Səfərovanın sözlərinə görə, Azərbaycanda məktəb-valideyn tərəfdaşlığının real vəziyyətini   İctimai   Şura   və “T-Network” tərəfindən 13580 valideyn arasında aparılan həmin sorğu açıq ortaya qoyub.

 

Əməkdaşlıq üçün məqsəd və vəzifələr müəyyənləşdirilməlidir

 

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Gülməmməd Məmmədov sorğunun nəticələrinin təhlili əsasında ortaya çıxan mənzərəni təqdim edib.

 

Respondentlərin 86-87 faizi Bakıda yaşayan valideynlər olub. Övladını dövlət məktəblərinə göndərənlər əksəriyyət təşkil edib.

 

Sorğunu təhlil edən işçi qrup bu qənaətə gəlib ki, valideyn-məktəb münasibətlərində məqsəd və vəzifələr qeyri-müəyyəndir. Ona görə əməkdaşlıq üçün ilk növbədə məqsəd və vəzifələr müəyyənləşdirilməli, fəaliyyət planı hazırlanmalıdır.

 

İkinci məsələ maliyyə şəffaflığının təmin olunmasıdır. Məktəblərdə pulun yığılması və xərclənməsində şəffaflıq olmalıdır ki, valideynlər daha səxavətli şəkildə bu prosesə qoşulsunlar: “Məktəbin idarə olunmasında valideynlərin iştirakı üçün məktəblərin mövcud modelinə dəyişiklik etmək lazım gələcək. Əməkdaşlığı iclaslar formatında görən valideynlərin bu əməkdaşlığın geniş spektrdə ola biləcəyi ilə bağlı heç bir fikri yoxdur. Yetərli ideya və təkliflər isə nə valideynlərdə, nə də məktəbdə var”.

 

Valideynlərin məlumatlandırılması üçün kütləvi informasiya vasitələrinin imkanlarından yararlanmağı mümkün hesab edən sədr müavininin fikrincə, elə etmək lazımdır ki, məktəblə əlaqələri çox zəif olan atalar bu prosesdən kənarda qalmasınlar.

 

Valideyn-məktəb tərəfdaşlığının Türkiyə modeli

 

 

Müzakirədə Türkiyənin TED Universitetinin təhsil fakültəsinin dekanı Yüksel Kavak məktəb-valideyn tərəfdaşlığının Türkiyə modelini müzakirə iştirakçılarının diqqətinə çatdırıb. O, ailənin uşaqların təhsilinə köməyinin vacibliyindən, məhz bu kömək sayəsində məktəbdə sağlam və təhlükəsiz mühit yaratmağın mümkünlüyündən danışıb. Yoxsul şagirdlərin dəstəklənməsinin vacibliyini qeyd edən Y.Kavak deyib ki, valideyn-məktəb münasibətlərində ən riskli məqam maliyyə mənbəyi ilə bağlıdır. Belə ki, valideynlərdən mütəmadi olaraq maddi gözləntilər gündəmdə olarsa, ailələrə və uşaqlara dəstək, təhsil kimi mövzular kölgədə qala bilər: “Dünyanın hər tərəfində uşağının olub-olmamağından, oxuyub-oxumamağından asılı olmayaraq, insanların məktəbə dəstəyi normal davranışdır. Hətta son dövrlər məktəblərdə gəlir gətirən sahələrin işlədilməsi məktəb-valideyn birliklərinə həvalə edilir”.

 

Valideynləri məktəbin işinə cəlb etməyin çətin olduğunu da söyləyən qonaq son zamanlar müşahidə edilən tendensiyaya diqqət çəkib. İbtidai sinifdə oxuyan uşaqlarına qarşı diqqətli olan valideynlər onlarla yuxarı siniflərdə daha az maraqlanır, bu da məktəblə maraqlanan valideynlərin və valideyn toplantılarına qatılan valideyn sıralarının azalması ilə nəticələnir: “Bir çox ölkədə  valideynlərin bu istiqamətdə məlumatlandırılması və inandırılması üçün bir çox fürsətlər yaradırlar.Valideynlər yardım edir, ancaq həm də yardımlarının nə dərəcədə şəffaf istifadə edildiyi ilə maraqlanırlar”.

 

Valideyn-məktəb birliklərinin məktəb idarəetməsinə müdaxilə cəhdlərinin də rastgəlinən olduğunu vurğulayan qonaq münasibətlərin düzgün tənzimlənməsinin önəmini xüsusi qeyd edib.

 

Millət vəkilləri Ceyhun Məmmədov, Etibar Əliyev, “Təmiz dünya” Qadınlara yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova və çıxış edən digər qonaqlar mövzu ilə bağlı onları narahat edən məqamları və bu istiqamətdə təkliflərini çatdırıblar.

 

Ruhiyyə DAŞSALAHLI