Bakı Mühəndislik Universitetində (BMU) “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsi çərçivəsində təlim keçirilib.

 

Avropa Komissiyasının maliyyə dəstəyi ilə icra edilən layihəyə uyğun olaraq baş tutan təlimdə 16 tərəfdaş universitetin  nümayəndələri iştirak ediblər.

 

BMU-nun rektoru, professor Havar Məmmədov layihənin önəmindən danışıb, əsas hədəfin Azərbaycanda ali təhsilin keyfiyyətinin yaxşılaşdırılması və Avropa təhsil sisteminə inteqrasiyası məqsədilə universitet rektorlarının fəaliyyətinin əlaqələndirilməsi olduğunu vurğulayıb.

 

Ali təhsil ocağının rəhbəri layihənin yerli və Avropa universitetləri arasında əməkdaşlığın yeni formatlarının müəyyənləşdirilməsinə köməklik göstərəcəyinə əminliyini ifadə edib. H.Məmmədov Rektorlar Konfransının Azərbaycan ali təhsil müəssisələrinin beynəlxalq aləmdə təmsil olunmasına zəmin yaradacağını fikirlərinə əlavə edib.

 

Layihənin koordinatoru olan Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov Rektorlar Konfransı vasitəsilə universitetlər və digər tərəfdaş qurumlar arasında milli şəbəkə və əməkdaşlığı inkişaf etdirməyin vacibliyindən danışıb. O, xarici təcrübələrdən istifadə edərək Azərbaycanda Rektorlar Konfransının yaradılması istiqamətində görülən işlərdən bəhs edib.

 

Təhsil nazirinin müşaviri Nicat Məmmədli təşkil olunan təlimin əhəmiyyətini vurğulayıb, layihə çərçivəsində görülən bütün fəaliyyətlərin yerli universitetlərin təhsil proqramlarının beynəlmiləlləşməsinə və universitetlərin rəqabət qabiliyyətinin yüksəldilməsinə əsaslı dəstək olacağını bildirib.

 

Tədbirə onlayn qatılan Mərkəzi Oklahoma Universitetinin Transformativ Tədris və Təlimdə Mükəmməllik Mərkəzinin icraçı direktoru Jeff King “Transformativ tədris və öyrənmə” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, son 10 ildə həm cəmiyyətdə, həm tələbə strukturunda, həm də akademiyada çox böyük dəyişikliklərin olması səbəbindən yeni üsulları axtarmaq vacibdir. O, bu prosesdə mühüm məsələnin transformativ təlimin tədrisi metodları olduğunu söyləyib. Transformativ tədris və öyrənmədən danışan Jeff King diqqətə çatdırıb ki, tədrisdə məlumat verməklə öyrətmək əsas götürülür, öyrənmədə isə tələbələrin informasiyanı necə mənimsəməsi və istifadə etməsi daha vacib hesab olunur.

 

Tədbir daha sonra təlimlə davam edib.