Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasında BP Azərbaycan şirkətinin dəstəyi ilə müasir standartlara cavab verən 3 laboratoriya açılıb.
Laboratoriyanın açılışında universitetin rektoru, BP Azərbaycan şirkətindən nümayəndələr, professor-müəllim heyəti iştirak edib. Tədbir iştirakçıları müasir texnologiyalar və avadanlıqlarla təchiz olunan laboratoriya ilə tanış olublar.
AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova laboratoriyaların qurulmasında göstərdiyi dəstəyə görə BP Azərbaycan şirkətinin rəhbərliyinə təşəkkür edib, yeni laboratoriyaların tədrisin məzmununun təkmilləşdirilməsi baxımından əhəmiyyətindən danışıb. Bildirib ki, bu qurğular əmək bazarının tələblərinə cavab verən mühəndislik profili üzrə yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasında böyük rol oynayacaq. İxtisaslaşdırılmış laboratoriyada tələbələr nəzəri biliklərlə yanaşı, praktik biliklər də əldə edəcəklər.
BP Azərbaycan şirkətinin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, BP Azərbaycan şirkəti ölkədə təhsilin inkişafına töhfə vermək üçün ali məktəblərdə müxtəlif istiqamətli laboratoriyalar açır. Bu layihələrin universitetlərin maddi-texniki bazasının gücləndirilməsinə xidmət etdiyini deyən B.Aslanbəyli, həmçinin açılan laboratoriyaların universitetlərin tədqiqat potensialının, tələbələrin elmi-tədqiqat imkanlarının artırılmasına və ümumilikdə təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət etdiyini vurğulayıb.
Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiri Nurməmməd Məmmədov laboratoriyalar barədə məlumat verib, kiçik prezentasiya təqdim edib. O bildirib ki, Ağıllı ev laboratoriyası (cəmi 51 laboratoriya işi) əsasən, magistr pilləsində təhsil alan tələbələr üçün nəzərdə tutulub. Burada onlar binaların bütün mühəndis kommunikasiya sistem və qurğularının distant idarə olunması və tənzimlənməsi, nəzarət və mühafizə sistemləri, işıqlandırmanın idarə olunması, mikroiqlim parametrlərinə nəzarət və tənzimləmə, istifadəçi ilə sistem arasında ikitərəfli rabitə, “ağıllı” elektrik cihazları və s. parametrlərin idarə olunması üçün proqram təminatının hazırlanması və həyata keçirilməsi qaydalarını öyrənəcəklər.
İkinci Enerji effektivliyi və alternativ bərpa olunan enerji mənbələri laboratoriyasında (cəmi 25 laboratoriya işi) tələbələr günəş kollektorları, külək generatorları, istilik nasoslarının iş prinsipi və hesablanma qaydaları, eləcə də binaların energetik müayinəsinin (auditinin) aparılma qaydaları ilə tanış olacaqlar.
Elektrik və elektronika laboratoriyasında (cəmi 136 laboratoriya işi) isə tələbələrə bina və yaşayış məntəqələrinin elektrik təchizatı ilə əlaqədar olan müasir hesablama, quraşdırma, istismar və idarəetmə qaydaları öyrədiləcək.