Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan “XX yüzilliyin faciəsi” adlı anım tədbiri keçirilib.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov XX yüzillikdə 4 dəfə azərbaycanlılara qarşı kütləvi deportasiya ilə müşayiət olunan soyqırımı aktlarının baş verdiyini diqqətə çatdırıb:”Birinci Qarabağ müharibəsində 20 minədək həmvətənimiz şəhid oldu, 50 minədək insan sağlamlığını itirdi, 1 milyondan çox soydaşımız qaçqın və ya məcburi köçkün vəziyyətinə salındı. Müharibənin kuliminasiya nöqtəsi, ən dəhşətli epizodu isə Xocalı qətliamı oldu. Qana susamış ermənilər cəmi bir gecədə Xocalı şəhərinin 613 dinc sakinini öldürdülər, 487 nəfərə ağır bədən xəsarəti yetirdilər, 1275 nəfəri girov götürdülər”.
Rektorun sözlərinə görə, Xocalı qətliamı 1992-ci ildə müasir dünyanın gözü qarşısında törədilsə də, onun xarici dövlətlər tərəfindən soyqırımı kimi tanınmasına nail olmaq üçün həm xeyli vaxt, həm də ardıcıl, məqsədyönlü, gərgin iş aparılması lazım gəldi:”2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin tövsiyəsi ilə Milli Məclis xarici ölkələrin parlamentlərinə və beynəlxalq təşkilatlara xüsusi müraciət ünvanladı. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya Ədalət” beynəlxalq kampaniyası təsis olunduqdan sonra bu yöndəki fəaliyyət daha geniş miqyas aldı. Cənab Prezidentin beynəlxalq aləmdəki nüfuzu, müvafiq dövlət orqanlarının və Heydər Əliyev Fondunun birgə səyləri sayəsində ötən dövr ərzində 10-dan çox ölkə, habelə ABŞ-ın 24 ştatı faciəni soyqırımı və ya bəşəriyyətə qarşı törədilmiş ağır cinayət kimi tanıdı. Beynəlxalq dövlətlərarası təşkilatlardan İslam Əməkdaşlıq Təşkilatı soyqırımını birmənalı şəkildə tanıyan qətnamələr qəbul etdi”.
C.Cəfərov qeyd edib ki, Xocalı qurbanlarının qanı yerdə qalmadı, 2020-ci ilin payızında rəşadətli ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə mənfur düşməni darmadağın edərək, təslim aktını imzalamağa məcbur etdi:” Beləliklə, 30 il işğal altında qalan torpaqlarımız cəmi 44 günə azad edildi. Buna görə də bu gün həm Xocalı qurbanlarının, həm də Vətənin bütövlüyü yolunda həlak olmuş bütün şəhidlərimizin ruhu şaddır”.
Daha sonra Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının dosenti Pərviz Səfərov “Xocalı qətliamı Azərbaycan xalqına qarşı törədilmiş ağır cinayətdir”, Azərbaycan tarixi kafedrasının baş müəllimi Samirə Ramazanova “Soyqırımı aktına xarici dövlətlərin və KİV-in reaksiyası” mövzusunda məruzələrlə çıxış ediblər.
Universitetin magistrantı Aytac Rəhimova müasir informasiya cəmiyyəti şəraitində tarixi ədalətin bərpasında, xalqımızın başına gətirilən faciələrin beynəlxalq aləmdə tanıdılmasında gənclərin rolundan danışıb.
Tədbirin sonunda Laçın şəhər 1 nömrəli musiqi məktəbinin müəllim və şagirdlərinin ifasında ədəbi-bədii və musiqili kompozisiya nümayiş olunub.