Azərbaycan Texnologiya Universiteti ilə (UTECA) Qazaxıstanın Almatı Texnologiya Universiteti arasında əməkdaşlıq əlaqələri yaranıb. İki ali təhsil ocağının əməkdaşlıq münasibətləri ötən həftə imzalanan Anlaşma memorandumu ilə rəsmiləşdirilib.

 

Universitetdən bildirilib ki, əməkdaşlıq çərçivəsində ilk görüş baş tutub. Onlayn şəraitdə keçən görüşdə hər iki universitetin prorektorları çıxış edib.
UTECA-nın tədris işləri üzrə prorektoru, dosent Yaşar Ömərov beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və dünya universitetləri ilə əlaqələrin genişləndirilməsinin ali məktəbin beynəlmiləşdirilməsində xüsusi əhəmiyyətindən bəhs edib və iki universitet arasındakı əməkdaşlığın məhsuldar olacağına inamını bildirib.

 

Daha sonra UTECA-nın İnzibati idarəetmə və kommersiya kafedrasının müdiri professor Fizuli Məmmədov xarici həmkarlarını Azərbaycan Texnologiya Universitetinin tarixi və hazırkı vəziyyəti ilə tanış edib.

 

UTECA-nın yüngül sənaye mühəndisliyi və logistika fakültəsinin dekanı Nazim Vəliyev fakültədə aparılan elmi tədqiqat işləri barədə məlumat verib, universitet-sənaye əlaqələrinin UTECA üçün prioritet olduğunu qeyd edib.

 

Qazaxıstanın Almatı Texnologiya Universitetinin nümayəndələri çıxış edərək əməkdaşlığın həyata keçirilməsi istiqamətində geniş fikir mübadiləsi aparıblar.

 

Qeyd edək ki, UTECA ilə Qazaxıstanın Almatı Texnologiya Universiteti arasında imzalanan memorandum hər iki ali təhsil müəssisəsinin təhsil və tədqiqat sahəsində əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məqsədini daşıyır. Sənədə əsasən, universitetlər arasında müəllim-tələbə mübadiləsi, layihə və proqramların işlənib hazırlanması, birgə elmi-tədqiqatların aparılması, beynəlxalq konfransların keçirilməsi və s. istiqamətlərdə əməkdaşlıq nəzərdə tutulub.