21 fevral Beynəlxalq Ana Dili Günü münasibətilə Bakıdakı 279 nömrəli tam orta məktəbdə tədbir keçirilib.
Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Suraxanı rayonundakı bir sıra idarə və təşlikatların rəhbərləri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Mahirə Nağıqızı, İdarənin müvafiq struktur bölmə rəhbərləri, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbirdən öncə ADPU-nun bir qrup tələbəsinin iştirakı ilə Beynəlxalq Ana Dili Gününə həsr olunan dərslər keçirilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Südabə Abdullayeva qonaqları salamlayıb və Azərbaycan dilinin tarixi, keçdiyi inkişaf yolu, dilimizə dövlət tərəfindən göstərilən qayğıdan danışıb.
BŞTİ-nin müdiri Mehriban Vəliyeva Beynəlxalq Ana Dili Gününün əhəmiyyətindən danışaraq hər bir xalqın Ana dilinin onun milli sərvəti, xalqın milli kimliyinin göstəricisi olduğunu söyləyib. İdarə müdiri bildirib ki, tarix boyu xalqların, millətlərin keçdiyi yol, onların mədəni səviyyəsi, ilk növbədə Ana dilində öz əksini tapıb. Dilimizin qorunması və ən dəyərli xəzinə kimi gələcək nəsillərə miras olaraq ötürülməsini hər bir azərbaycanlının vətəndaşlıq borcu olduğunu diqqətə çatdıran M.Vəliyeva həm nitqimizdə, həm də yazılarımızda ədəbi dilin normalarına riayət etməyin vacibliyini vurğulayıb.
Tədbirdə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Ana dilini hər bir xalqın varlığını təsdiq edən başlıca amil olduğunu söyləyib. Bildirib ki, tarix boyu Azərbaycan xalqı bu müqəddəs sərvəti qoruyub saxlaya bilib. Doğma dilimizin dövlət dili statusu qazanmasında ümummilli lider Heydər Əliyevin böyük xidmətləri olduğunu söyləyən Ə.Əzizov ulu öndərin bu sahədə özünün şəxsi nümunəsi ilə çox dəyərli örnək yaratdığını qeyd edib.
ADPU-nun prorektoru Mahirə Nağıqızı və diğər çıxış edənlər də Ana dilinin tərəqqisi üçün çalışmağın vacibliyindən danışıblar və bildiriblər ki, ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərə doğma dilimizi sevdirən müəllimlərin zəhməti danılmazdır.
Ana dilimiz milli sərvətimizdir, çağırışını səsləndirən şagirdlər doğma dilimizə həsr edilən şeirlər, mahnılar söyləyib, doğma dilimizə sevgi hisslərinin əks olunduğu ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.