Təhsil naziri Emin Əmrullayevin Gürcüstana səfəri çərçivəsində fevralın 21-də Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkeli ilə görüş keçirilib. 


Görüş zamanı iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti müzakirə olunub, əlaqələrin inkişafı üçün atılacaq addımlar barədə fikir mübadiləsi aparılıb. Hər iki ölkədə müvafiq olaraq Azərbaycan və gürcü dillərində tədris aparılan məktəblərin fəaliyyəti, bu məktəblər üçün dərsliklərin qarşılıqlı mübadiləsi yüksək qiymətləndirilib. 


Daha sonra təhsil sahəsində mövcud hüquqi bazanın gücləndirilməsi və bir sıra istiqamətlər üzrə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi məqsədilə “Azərbaycan Respublikası ilə Gürcüstan arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb. 


Görüşün yekununda mətbuat üçün birgə brifinq keçirilib.


Təhsil naziri Emin Əmrullayev həmçinin Gürcüstanın Marneuli bölgəsində fəaliyyət göstərən Azərbaycanlıların İnteqrasiya Mərkəzini ziyarət edib. 


Sonra SOCAR-ın dəstəyi ilə Marneuli Gənclər Mərkəzinin nəzdində fəaliyyət göstərən dərnəklərlə tanış olub və Gürcüstanın Marneuli, Bolnisi, Dmanisi, Tsalka, Tetritçkaro bölgələrində fəaliyyət göstərən Azərbaycan dilində tədris aparılan məktəb direktorları və müəllimlərlə görüşüb.