Bakı Mühəndislik Universiteti (BMU) tələbələrinin istehsalat təcrübəsinə göndərilməsinə başlanılıb.
BMU-dan bildirilib ki, cari tədris ilində iqtisadiyyat və idarəetmə fakültəsi üzrə 297 tələbə, memarlıq və inşaat fakültəsi üzrə 253 tələbə, mühəndislik fakültəsi üzrə 336 tələbə olmaqla, cəmi 886 tələbə istehsalat təcrübəsinə göndərilib.
Tələbələr istehsalat təcrübəsini Ekologiya və Təbii Sərvətlər Nazirliyi, SOCAR, Azərenerji ASC, Azərişıq ASC, Azərsun Holdinq, Azərsu ASC, Azərkimya İstehsalat Birliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Dövlət Sosial Müdafiə Fondu, Aqrar Sığorta Fondu, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı QSC, Abşeron Logistika Mərkəzi, Azərbaycan Dəmir Yolları QSC, Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası, Sumqayıt Texnologiyalar Parkı, Azertexnolayn MMC, Veysəloğlu Şirkətlər Qrupu, Bank of Baku, Kapital Bank, Atəşgah Sığorta şirkəti ASC, Azər Türk Bank, Azərbaycan Beynəlxalq Bankı, ASAN Xidmət və qurumun tabeliyindəki Elektron Hökumətin İnkişafı Mərkəzi, İnnovasiyalar Mərkəzi, Meksikanın Azərbaycandakı səfirliyi, Aztelekom MMC, Abşeron Rayon İcra Hakimiyyəti və s. dövlət və özəl müəssisələrdə keçəcəklər.
BMU-nun Mühasibat uçotu və audit ixtisasının tələbəsi Fəyyaz Fərəcov isə Almaniyanın Koblenz Universitetində təcrübədə olacaq.
Bununla yanaşı, müxtəlif ixtisaslar üzrə 2-ci kurs magistrantların elmi-tədqiqat təcrübəsi (16 fevral - 15 mart) və elmi-pedaqoji təcrübələri (17 mart - 13 aprel) təşkil olunur. Təcrübə proqramında Azərbaycan dili, Azərbaycan ədəbiyyatı, Dünya siyasəti, Beynəlxalq münasibətlər və diplomatiya, Metal konstruksiyası, Tribotexnika, Qurğular nəzəriyyəsi, Maşın və mexanizmlər nəzəriyyəsi, Kompüter mühəndisliyi, İdarəetmədə informasiya sistemləri, Əsas üzvi sintezin kimyası və texnologiyası, Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması ixtisasları üzrə, ümumilikdə 51 magistrant iştirak edir.