Türkiyənin Qazi Universitetinin texnologiya fakültəsinin dekanı Süleyman Tekelinin rəhbərlik etdiyi nümayəndə heyətilə Azərbaycan Texniki Universitetində (AzTU) görüş keçirilib. Görüşdə AzTU-nun rektoru Vilayət Vəliyev və Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov iştirak ediblər.

 

Görüşdə çıxış edən hər üç ali təhsil müəssisəsinin təmsilçiləri tərəflər arasında əməkdaşlığın inkişafından məmnunluqlarını bildirib, qarşılıqlı maraq doğuran sahələrdə üçtərəfli formatda işbirliyinin gücləndirilməsinin vacibliyini vurğulayıb və bununla bağlı təkliflərini diqqətə çatdırıblar.

 

Üçtərəfli əməkdaşlığın potensialını yüksək dəyərləndirən görüş iştirakçıları universitetlər arasında tələbə və müəllim mübadiləsi, ortaq araşdırma mərkəzinin yaradılması, birgə tədqiqatların yerinə yetirilməsi və məqalələrin hazırlanması, ikili diplom və sertifikat proqramlarının reallaşdırılması, ortaq layihələrin həyata keçirilməsi, təcrübə mübadiləsi, kampus idarəçiliyi, magistratura və doktorantura ali təhsil proqramlarının inteqrasiyası və digər istiqamətlər üzrə birgə fəaliyyətin perspektivləri barədə ətraflı müzakirələr aparıb, ilkin razılıq əldə ediblər.

 

Qeyd edək ki,  MDU ilə Türkiyənin Qazi Universiteti arasında əməkdaşlığın əsası 2021-ci ilin 15 mart tarixində hər iki ali məktəbin rektorlarının Ankarada görüşü zamanı qoyulub. Bununla yanaşı, 2021-ci ilin 22-23 may tarixlərində AzTU, MDU və Türkiyənin Qazi Universitetinin rektorlarının Mingəçevirdə görüşü keçirilib. Görüş çərçivəsində Qazi Universiteti və MDU arasında əməkdaşlıq protokolu imzalanıb və üçtərəfli formatda işbirliyinin inkişaf etdirilməsi ilə bağlı razılıq əldə olunub.