Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən 2022-ci ilin “Şuşa ili” elan edilməsi ilə əlaqədar “Şuşanın Rəqəmsal Müəllimləri” adlı layihəyə start verilib. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən layihənin əsas məqsədi distant təhsilin təşkili prosesində müəllimlərdə “Google for Education” platformasından istifadə bacarıqlarını formalaşdırmaqdan ibarətdir.

 

Bakı və Şuşada keçirilməsi nəzərdə tutulan layihə çərçivəsində idarə heyətinin formalaşdırılması və təlimatlandırılması, layihənin təqdimatı və müəllimlərin seçimi, təlimə hazırlıq, ekspertlərin cəlbi və təlimlərin keçirilməsi, məktəbdaxili təlimlər və layihənin Şuşa şəhərində bağlanış mərasiminin təşkili planlaşdırılıb.

 

“Şuşanın Rəqəmsal Müəllimləri” layihəsi nəticəsində 30 müəllim bu texnologiyadan istifadə edəcək.  Əlavə 150 müəllim təlimlərə qatılacaq. Məktəbin rəqəmsallaşmasına dəstək vermək məqsədilə 10 məktəbdə 30 nəfər təlimatlanmış müəllim olacaq. Onlar onlayn dərs metodikası və onlardan istifadə imkanlarını öyrənəcək, məktəblər google sinifdən istifadə etmək şansı qazanacaq. Buraxılış siniflərinin nəticələrinin analizini aparmaq və bunu idarə etmək mümkün olacaq.

 

Qeyd edək ki, “Şuşanın Rəqəmsal Müəllimləri” layihəsinin fevralın 1-dən aprelin 30-na kimi keçirilməsi planlaşdırılıb.  Layihədə yalnız Şuşa məktəblərində çalışan müəllimlər iştirak edə bilər.  İştirakçılar https://forms.gle/hD4HGReYviGHUFh7A linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

 

Rəşad ZİYADOV