Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Təhsil Nazirliyi, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti və ADPU-nun Gənc Alimlər və Tədqiqatçılar Şurasının birgə təşkilatçılığı ilə “Open Science Azərbaycan: gənc tədqiqatçılar arasında “Open Science” platformasının təbliği” layihəsi çərçivəsində seminar təşkil olunub.
ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov layihənin ADPU-da keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq, gənc alim, tədqiqatçı və doktorantların akademik yazı bacarıqlarının inkişaf etdirilməsində əhəmiyyətindən danışıb. Qeyd edib ki, ölkəmizdə ardıcıl həyata keçirilən gənclər siyasəti ADPU-da uğurla davam etdirilir. Prorektor “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın da əhəmiyyətini xüsusilə vurğulayıb və ADPU-da elmi elitanın formalaşdırılması istiqamətində həyata keçirilən işlər barədə məlumat verib.
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, dosent İlqar Orucov “Open Science” layihəsi və onun məqsədi haqqında seminar iştirakçılarını məlumatlandırıb. Bildirib ki, layihə gənc tədqiqatçı, alim və doktorantların elmi fəaliyyətinin stimullaşdırılmasına geniş imkanlar açır, həmçinin elm sahəsində çalışan gənclərimizin xarici nüfuzlu dövri elmi jurnallarda çap olunan məqalə müəllifləri sırasında yer almasına səbəb olur.
Sonra Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin eksperti Sevinc Ədilova “Açıq tədqiqat materialları. İndekslər və data bazalar” adlı geniş təqdimatla çıxış edib. Bildirilib ki, “Open Science” platformasının əsas məqsədi gənc tədqiqatçılara, alim və doktorantlara “Open Science”, “Open Access”, “Open Research Date”, “Open İnnovation”, “Open Research Computation” və s. haqqında bilik və informasiyalar verməkdən ibarətdir.
Seminarın sonunda suallar cavablandırılıb, iştirak edən gənc alim və tədqiqatçılara Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sertifikatları təqdim olunub.