Azərbaycan Texnologiya Universitetinin (UTECA) daha 3 tələbəsi Avropa Komissiyasının Erasmus+ proqramı çərçivəsində Almaniya, Rumıniya və Polşa universitetlərində bir semestr müddətində təhsilini davam etdirmək imkanı qazanıb. Tələbələr 2021-2022-ci tədris ilinin yaz semestrində təhsilə həmin universitetlərdə davam edəcəklər.
Universitetin rektoru, professor Akif Süleymanov həmin tələbələrlə görüşərək onları bu uğur münasibətilə təbrik edib və öz tövsiyələrini verib. Rektor bu kimi proqramlarda iştirakın əhəmiyyətindən bəhs edib, beynəlxalq mübadilə proqramlarının gənclərin elmə, müasir texnologiyalara və qabaqcıl biliklərə yiyələnməsində vacib rol oynadığını, əldə edilən bilik və bacarıqların ölkəmizin inkişafı üçün zəruri olduğunu vurğulayıb.
Qeyd edək ki, UTECA hazırda Erasmus+ mübadilə proqramı çərçivəsində Avropanın İspaniya, Almaniya, Rumıniya, Slovakiya, Polşa, və s. kimi ölkələrinin çoxsaylı universitetləri ilə sıx əməkdaşlıq edir.
Almaniya, Rumıniya və Polşada təhsil alacaq həmin tələbələrin bütün xərcləri Erasmus+ proqramı çərçivəsində Avropa Birliyi tərəfindən qarşılanır.