Mingəçevir Dövlət Universitetinin (MDU) mühəndislik fakültəsinin Fizika və ekologiya kafedrasının əməkdaşları, Ekologiya və Ekologiya mühəndisliyi ixtisasları üzrə təhsil alan bir qrup tələbə və magistrantı Oğuzda “Azmade Group” MMC-nin nəzdində fəaliyyət göstərən Qarğıdalı Emalı Müəssisəsində (CPC MMC) ekskursiyada olublar.

 

Ekskursiya Avropa İttifaqının “Erasmus+” proqramı çərçivəsində reallaşdırılan “Sahil ekosistemlərinin iqlim dəyişikliyinə uyğunlaşması üçün geoməkan mühəndisliyi üzrə yeni kursları” (“New Courses in Geospatial Engineering for Climate Change Adaptation of Coastal Ecosystems” – GEOCLIC) layihəsi çərçivəsində baş tutub.

 

Ekskursiya zamanı əvvəlcə CPC MMC-nin əməkdaşları ilə görüş keçirilib.

 

CPC MMC-nin İnsan resursları və inzibati şöbəsinin müdiri Nofəl Çərkəzzadə universitetin ekskursiya təşəbbüsünün, tələbələrin istehsalat prosesini yaxından izləməyə cəlb edilməsinin təqdirəlayiq hal olduğunu qeyd edib.

 

Müəssisənin fəaliyyəti haqqında ətraflı məlumat verən N.Çərkəzzadə istehsal edilən məhsulların çeşidləri, istehsalat prosesi, qurulan əməkdaşlıq, məhsul satışı, müştərilərlə münasibətlərin idarəedilməsi və digər məsələlər barədə danışıb. Hazırda müəssisədə MDU məzunlarının da fəaliyyət göstərdiyini vurğulayan şöbə müdiri kadr hazırlığının keyfiyyətinin yüksəldilməsində universitet-sənaye əlaqələrinin vacibliyini bildirib və bu istiqamətdə əməkdaşlığa daim hazır olduqlarını diqqətə çatdırıb.

 

MDU-nun mühəndislik fakültəsinin dekan əvəzi Almaz Əliyeva da əmək bazarının müasir tələblərinə uyğun mühəndis kadrların hazırlanmasında bu cür ekskursiyaların önəmindən bəhs edib. 

 

Fizika və ekologiya kafedrasının müdiri Təranə Yusibova isə “GEOCLIC” layihəsi çərçivəsində həyata keçirilən müxtəlif formatlı tədbirlərin, eləcə də ekskursiyaların, regionda yerləşən müəssisələrlə qurulan əməkdaşlıq əlaqələrinin universitetdə kadr hazırlığının keyfiyyətinin yüksəldilməsinə geniş imkanlar yaratdığını qeyd edib.

 

Sonra kafedranın müəllimi Gülmirə Məmmədova tərəfindən “Sənaye və məişət tullantılarının təkrar emalı və zərərsizləşdirilməsi sahəsində ölkəmizdə və dünyada görülən işlər” mövzusunda seminar keçirilib və müəssisə əməkdaşlarının da iştirakı ilə geniş müzakirələr aparılıb.

 

Sonda CPC MMC-nin əməkdaşlarının bələdçiliyi ilə MDU-nun ekskursiya heyəti müəssisənin istehsalat bölmələri və laboratoriyası ilə tanış olublar.