Mingəçevir Dövlət Universitetində (MDU) Avropa İttifaqının “Erasmus+” proqramı çərçivəsində reallaşdırılan “Sahil ekosistemlərinin iqlim dəyişikliyinə uyğunlaşması üçün geoməkan mühəndisliyi üzrə yeni kursları” (“New Courses in Geospatial Engineering for Climate Change Adaptation of Coastal Ecosystems” – GEOCLIC) layihəsi ilə bağlı seminar keçirilib.

 

Seminarda layihə üzrə işçi qrupunun üzvləri, tərəfdaş müəssisələrin əməkdaşları, universitetin akademik və inzibati heyət üzvləri, tələbələr və magistrantlar iştirak ediblər.

 

Seminara moderatorluq edən MDU-nun elmi işlər üzrə prorektor əvəzi, professor Veysəl Əyyubov universitetin potensialının gücləndirilməsində sözügedən layihənin əhəmiyyətindən bəhs edib və bu çərçivədə qarşıda duran vəzifələri diqqətə çatdırıb.

 

Sonra seminarın proqramına uyğun olaraq məruzələr dinlənilib.

 

MDU-nun Fizika və ekologiya kafedrasının əməkdaşlarından Aytac Cavadova “Layihənin iş planı”, Leyla Əhmədova “Fənlər haqqında məlumat, təlim nəticələri” və Gülmirə Məmmədova “Tərəfdaşlar haqqında məlumat” mövzusunda məruzələrlə çıxış ediblər.

 

Daha sonra seminar iştirakçıları tərəfindən məruzələr ətrafında geniş müzakirələr aparılıb və təqdim edilən çoxsaylı suallar cavablandırılıb.