Bakı Mühəndislik Universitetinin (BMU) Distant Təhsil və Keyfiyyətin Təminatı Mərkəzinin təşkilatçılığı ilə kafedra müdirləri, inzibati struktur rəhbərləri, laborant və tyutorlar üçün “Keyfiyyət anlayışı və İSO 9001:2015-in əsas prinsipləri” mövzusunda təlimlərə start verilib.
BMU-nun tədris işləri üzrə prorektoru, professor Həmzağa Orucov təşkil olunan təlimlərin əhəmiyyətini vurğulayıb və tədbirin sabahdan başlayacaq yaz semestrinin təşkilinə müsbət töhfə verəcəyini bildirib. Prorektor çıxışında yaz semestrində qarşıda duran əsas vəzifələrdən danışıb, dərs cədvəlləri, sillabuslar, tələbələrin dərs vəsaiti ilə təmin olunması məsələlərini nəzərə çatdırıb.
BMU-nun tərbiyə işləri üzrə prorektoru Bayram Hüseynzadə isə davamiyyət, nizam-intizam məsələlərinə toxunub. Universitetin daxili nizam-intizam qaydalarına, COVID-19 pandemiyası ilə əlaqədar karantin rejiminin tələblərinə ciddi riayət olunmasının vacibliyini bildirən prorektor təlimlərin ümumi işə müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib.
Təlimçi qismində təqdimatla çıxış edən Keyfiyyətin təminatı şöbəsinin müdiri Sevil İmanova əsas məqsədin tədrisin, idarəetmənin, sistemin və prosesin keyfiyyətinin yüksədilməsi olduğunu bildirib, həmçinin bütövlükdə yaxşılaşdırma prosesinin birlikdə həyata keçirilməsinin önəmini vurğulayıb. Təhsilin hədəflərinə nail olmaq üçün aparılan sistematik addımların keyfiyyətindən söz açan şöbə müdiri təhsildə müvəffəqiyyət ilə uğursuzluq arasında fərqliliyin keyfiyyətin nəticəsi olduğunu fikirlərinə əlavə edib.
S.İmanova qeyd edib ki, BMU-nun strateji planında 2020-2030-cu illər üçün hədəflədiyi fəaliyyətlərdən biri də İSO sisteminin qurulmasıdır. O, İSO 9001:2015 beynəlxalq standartı və prinsipləri barədə informasiyaları təlim iştirakçılarının diqqətinə çatdırıb.
Sonra tədbirdə Keyfiyyətin təminatı şöbəsinin baş mütəxəssisi Qafar Ocaqlı “Tyutorların vəzifə öhdəlikləri”, Azərbaycan dili və pedaqogika kafedrasının baş müəllimi, psixoloq Hüseyn Xəlilov “Laborant və tyutorların tələbələrlə münasibətdə davranış və nəzakət qaydaları” mövzularında çıxış ediblər.
Təlimdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.