Azərbaycan Dillər Universitetində (ADU) “Azərbaycan və Çin: əməkdaşlığın tarixi və perspektivləri” mövzusunda elmi seminar keçirilib.

 

İki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünə həsr olunan seminar ADU-nun Konfutsi İnstitutu və universitetin Beynəlxalq əlaqələr kafedrasının birgə təşkilatçılığı ilə baş tutub.

 

Kafedranın müdiri, professor Aida Yusifzadə Azərbaycan-Çin münasibətlərinin tarixindən, müasir beynəlxalq münasibətlər sistemində Azərbaycan və Çinin rolundan, iki dövlət arasında qarşılıqlı əlaqələrin qlobal və regional aspektlərindən danışıb.

 

Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov iki ölkə arasında İpək Yolu üzrə əməkdaşlığın strateji xarakterindən bəhs edib. O, 2015-ci ildə Prezident İlham Əliyevin Çinə tarixi səfərini yada salaraq bildirib ki, həmin səfər zamanı iki dövlətin liderləri tərəfindən “Azərbaycan Respublikasının və Çin Xalq Respublikasının dostluq münasibətlərinin və əməkdaşlığın daha da inkişaf etdirilməsi, dərinləşdirilməsi haqqında Birgə Bəyannamə” imzalanıb. Məhz bu Bəyannamə iki ölkə arasında çoxtərəfli əməkdaşlıq istiqamətində möhkəm zəmin yaradıb.

 

Beynəlxalq əlaqələr kafedrasının müəllimləri- Aytən Ramazanova və Səbinə Məmmədova “Azərbaycan və Çin arasında 30 illik diplomatik münasibətlərin nəticələri” və “Azərbaycan-Çin iqtisadi əlaqələri” mövzularında çıxış edərək bu əlaqələrin dinamik inkişafından, Avrasiya iqtisadi-nəqliyyat dəhlizlərinin yaradılması, həmçinin İpək Yolu ölkələri arasında humanitar mübadilə, mədəniyyətlərarası dialoq və siyasi ünsiyyətin təmin olunması istiqamətində nəzərdə tutulmuş Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün həyata keçirilməsində Azərbaycan və Pakistanın fəal iştirakından danışıblar.