Azərbaycan-Fransız Universitetində (UFAZ) Total Energies şirkətinin təhsil təqaüdləri üçün imtahan keçirlib.
UFAZ-dan bildirilib ki, Total Energies EP Absheron B.V. hər il 10 nəfər azərbaycanlı tələbəyə Fransa universitetlərində magistratura pilləsində təhsil almaq üçün təqaüdlər verir. Təhsil təqaüdləri aşağıdakı sahələrdə mühəndislik proqramlarına ayrılır : Geofizika, Kimya, Kompüter elmləri, Ətraf mühit və Enerji.
İmtahan 2 mərhələdən ibarətdir. Birinci mərhələdə namizədlər riyaziyyat və məntiq üzrə yazılı imtahan verir. İxtisas bilikləri ilə yanaşı, namizdlərdən ingilis və fransız dili bilikləri də tələb olunur.
15 nəfər ən yaxşı nəticə göstərmiş namizəd fevralın 28-də Total Energies EP Absheron B.V. şirkətinə müsahibəyə dəvət olunacaq. Yekun nəticələr mart ayının ortalarında elan ediləcək.
Dünən baş tutan imtahanda 35 namizəd iştirak edib. Onlardan 25 nəfər UFAZ-da təhsil alan və ya məzun olmuş şəxslərdir.
Uğurlu namizədlər 2022-2023-cü tədris ilində Fransada təqaüdlə magistratura pilləsində təhsil almaq hüququ əldə edəcək.