Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov ERASMUS+ tələbə mübadilə proqramı çərçivəsində 2021-2022-ci tədris ilinin yaz semestrində Avropanın nüfuzlu ali məktəblərində təhsil alacaq tələbələr və onların valideynləri ilə görüşüb.

 

Rektor bildirib ki, rəhbərlik etdiyi Ali Məktəbdə tələbələrin yüksək səviyyədə təhsil alması üçün hər cür şərait yaradılıb və burada gənclərin gələcəkdə karyera qurmaq imkanları da hər zaman diqqət mərkəzində saxlanılır:

 

“Bir çox gəncin və tələbənin arzusu xaricdə təhsil almaq, müxtəlif proqramlara qatılmaq və xarici ölkələrdə olmaq, yaşamaqdır. Bu arzuların reallaşması üçün ən effektiv yol tələbə mübadilə proqramlarına qoşulmaqdır. Tələbə mübadilə proqramlarının ən məşhuru və tələbələrin ən çox faydalandığı proqram isə ERASMUSdur. Bakı Ali Neft Məktəbi yüksək səviyyəli ali təhsilli, bilikli, eyni zamanda bir çox sosial bacarıqlara malik gənclər yetişdirir. ERASMUS proqramı üçün də məhz bu cür tələbələrə üstünlük verilir. ERASMUS proqramına seçim zamanı təkcə akademik göstəricilər deyil, sosial bacarıqlar da nəzərə alınır. Biz yaxşıların içərisindən ən yaxşılarını seçirik ”.

 

Çıxış edən tələbələr və valideynlər onlara yaradılan şərait üçün Ali Məktəbə, rektor və professor-müəllim heyətinə təşəkkürlərini bildiriblər.

 

Qeyd edək ki, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən ERASMUS+ proqramı bakalavr və təhsilinin növbəti pillələrini davam etdirmək istəyən tələbələr, xaricdə yaşamaq arzusunda olan şəxslər və karyeralarında yüksəlmək üçün müxtəlif təcrübə proqramlarda iştirak etmək istəyən gəncləri özündə birləşdirən layihədir.

 

BANM-in 7 tələbəsi- İnci Mirzəzadə İspaniyanın Valladolid Universitetində, Afaq Həşimova Portuqaliyanın Bragança Politexnik İnstitutunda, Nuridə Şirinzadə və Qəhrəman Kazımlı İspaniyanın Alkala Universitetində, Turan Eminli, İlqar Məmmədov və Şəmistan Lətifov Yunanıstanın Qərbi Attika Universitetində bir semestr müddətində təhsil alacaqlar. Tələbələrin səyahət, yerləşmə və gündəlik xərcləri ERASMUS+ proqramı tərəfindən qarşılanır.