Bakı Mühəndislik Universitetində (BMU) Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin (AGADMC) təşkilatçılığı ilə “Open Science Azərbaycan: Gənc tədqiqatçılar arasında Open Science Platfromasının təbliği” adlı layihə çərçivəsində seminar keçirilib.

 

Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, AGADMC-nin sədri, fəlsəfə doktoru İlqar Orucov BMU-nun Azərbaycanın öndə gedən təhsil müəssisələrindən biri olduğunu, həmçinin ali təhsil ocağında tədrislə bərabər elmi-tədqiqatların da yüksək səviyyədə aparıldığını bildirib.

 

İ.Orucov təmsil etdiyi qurum və layihə haqqında zəruri məlumatları tədbir iştirakçılarının nəzərinə çatdırıb. Deyib ki, layihə çərçivəsində regionlarda fəaliyyət göstərən elmi tədqiqatçılar üçün müvafiq seminarlar təşkil olunacaq. Layihənin yekununda isə hər universitetdən 25 nəfər seçiləcək və onlara Avropa Gənc Alimlər Şurasından dəvət olunacaq ekspertin iştirakı ilə müvafiq təlimlər keçiriləcək.

 

Seminarda AGADMC-nin eksperti, fəlsəfə doktoru Sevinc Ədilova “Açıq tədqiqat materialları. İndekslər və data (verilənlər) bazalar” mövzusunda geniş təqdimatla çıxış edib. Bildirib ki, Open Science elmi tədqiqatların tamamilə şəffaf şəkildə aparılması praktikasını təşviq edir və elmi araşdırmanın nəticələrini hamıya çatdırır.

 

BMU-nun elmi işlər üzrə prorektoru, dosent Elçin Süleymanov gənc təqdiqatçılar üçün təşkil olunan seminarın əhəmiyyətindən bəhs edib, BMU-da hər ilin fevral ayında “Elm həftəsi” çərçivəsində tədbirlərin keçirildiyini söyləyib.

 

Sonra “BMU-nun elmi tədqiqat fəaliyyəti” mövzusunda təqdimatla çıxış edən prorektor elmi-tədqiqat işləri, beynəlxalq və ümumrespublika səviyyəli elmi konfranslar, layihələr, eyni zamanda nüfuzlu beynəlxalq bazalarda indekslənən elmi jurnallarda dərc olunan məqalələr barədə ətraflı məlumat verib.

 

Elmi tədqiqatların universitet üçün əhəmiyyətli olduğunu vurğulayan  prorektor BMU-nun Böyük Britaniyanın “QS World University Rankings” nəşrinin Avropa və Mərkəzi Asiyanın inkişaf etməkdə olan ölkələrinin 2022-ci il üzrə reytinq cədvəlində yer aldığını bildirib.

 

Tədbir iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə davam edib.

 

Sonda tədbir iştirakçılarına sertifikatlar təqdim olunub.