Prezident İlham Əliyevin Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumundakı müzakirələrdəki çıxışından


* Artıq yeni yaradıla biləcək peşələr yaranmaqdadır. Burada mərkəzin olması bizə, yenə də deyirəm, imkan verəcək ki, biz öz iqtisadi siyasətimizi planlaşdıraq, dövlət tərəfindən yeni işlərin yaradılmasına stimul verək, təkan verək, insanların peşə profilini dəyişdirək. Bu da çox böyük zəhmət və bilik tələb edən sahədir. Yəni, biz Dördüncü Sənaye İnqilabına uyğunlaşmalıyıq, uyğunlaşmasaq, geridə qalacağıq. Biz bunu özümüzə rəva görə bilmərik. Çünki biz müharibə şəraitindəyik, biz daim inkişafda olmalıyıq və daim güclü olmalıyıq. Güc isə tərəqqi ilə bağlıdır. Ona görə burada, yenə də deyirəm, dövlət qurumları tərəfindən çox ciddi iş aparılmalıdır. İlk növbədə, Təhsil Nazirliyi, nazir buradadır, onlar bunun üzərində işləyirlər.

 

* Xaricdə təhsil alan gənclərlə bağlı proqramı biz 2007-ci ildə başlamışıq. 2006-cı ildə qərar verildi, sərəncam imzalandı və artıq 2007-2015-ci illəri əhatə edən genişmiqyaslı proqram icra edilməyə başlandı. Onu da deməliyəm ki, burada da bir yenilik yox idi, çünki sovet vaxtında Heydər Əliyevin göstərişi ilə Azərbaycan gəncləri, yüzlərlə azərbaycanlı gənc Sovet İttifaqının aparıcı ali məktəblərinə ezam edilirdi, özü də güzəştli şərtlərlə. Onlar o ali məktəblərə daxil olurdu.

 

* Mənim arqumentlərim o idi ki, birincisi, biz bunu nə üçün edirik? Ona görə edirdik ki, azərbaycanlı gəncləri yetişdirək, onlar gözəl peşə sahibləri olsunlar, mütəxəssis olsunlar. Əsas məqsəd budur - xalqımızın intellektual potensialının möhkəmləndirilməsi. Deməliyəm ki, biz gəncləri 30-dan çox ölkəyə, müxtəlif ölkələrin 300-dən çox ali məktəbinə ezam edirdik. Bu məqsədlər üçün 200 milyon manat vəsait xərcləndi.

 

* 2006-cı ildə biz bu proqrama başlayanda, Azərbaycanda vəziyyət elə idi ki, bir çoxları bəlkə də orada, xaricdə qalmağı seçə bilərdilər. Ancaq buna baxmayaraq, dövlət xətti ilə oxuyanların böyük hissəsi Azərbaycana qayıdıb. 3500 təqaüd verilmişdi və onlar qayıdıb. Ondan sonra biz bu proqramı dayandırdıq, çünki təhlil aparmaq lazım idi: Qayıdanların neçə faizi işlə təmin edilib, neçə faizi dövlət, neçə faizi özəl strukturlarda işlə təmin edilib, onların karyerası necə inkişaf edir. Bütün bu məlumat Təhsil Nazirliyində var, bütün bu təhlil aparılıb. Yəni, çox uğurlu proqram idi. Ona görə yeni proqram artıq işlənilib və müvafiq sərəncam keçən il verilib. Yəqin ki, bu ildən başlayaraq, biz bu proqramı bərpa edəcəyik, yeni formada bərpa edəcəyik. Yəni, əvvəl birinci proqramın, tutaq ki, çatışmazlıqları nəzərə almaq şərtilə. Haradasa, ildə 400-ə qədər gənc dünyanın aparıcı ali məktəblərinə göndəriləcəkdir.