Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbələri təhsillərində olduğu kimi, ölkəmizin ictimai həyatında da fəal mövqeləri ilə seçilirlər.
Universitetdən bildirilib ki, ali məktəbin 4 fəal tələbəsi 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə müxtəlif qurumlar tərəfindən təltif edilib.
ADPU-nun Tələbə Gənclər Təşkilatının sədri İsmayıl Nəsirov Nəsimi rayon İcra Hakimiyyətinin Fəxri Fərmanına layiq görülüb.
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı tərəfindən uzunmüddətli ictimai fəaliyyəti ilə seçilən, hazırda İrəli İctimai Birliyinin İnsan resursları katibliyində baş koordinator kimi çalışan Tərlan Ağayev "İlin gənci" adı ilə, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Səkinəxanım Mirzəzadə və ADPU Könüllüləri Tələbə Birliyinin sədri Asim İbrahimov isə Fəxri Fərmanla təltif olunub.
T.Ağayev gənclərin inkişafına daim dəstək verən, diqqət və qayğı göstərərək fəaliyyətlərini yüksək qiymətləndirən YAP Səbail rayon təşkilatı rəhbərliyinə təşəkkür edib, ADPU-da tələbələrin ictimai fəaliyyəti üçün yaradılan geniş imkanlardan söz açıb.