Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) İnşaat mühəndisliyi ixtisası üzrə kadrların yenidən hazırlanması kursunda 1 illik proqram əsasında əlavə təhsil alan Maliyyə Nazirliyinin əməkdaşlarına diplomlar verilib. Diplomları universitetin rektoru, professor Gülçöhrə Məmmədova təqdim edib.
Müdavimlərlə görüşən rektor deyib ki, əlavə təhsil müasir şəraitdə hər bir vətəndaşın əmək bazarında yüksək rəqabətqabiliyyətliliyə malik ola bilməsi üçün fasiləsiz təhsil almaq imkanını təmin edir. Eyni zamanda, onun yeni peşələrə, ixtisaslara yiyələnməsi, kadrların intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsinə xidmət göstərir. G.Məmmədova gələcəkdə də ehtiyac olarsa, təhsil müəssisəsi olaraq belə kursların yaradılmasına hazır olduqlarını söyləyib.
Məlumat üçün bildirək ki, Maliyyə Nazirliyinin 13 əməkdaşı AzMİU-da İnşaat mühəndisliyi ixtisası üzrə 1 illik əlavə təhsil alıb. 23.11.2020-ci ildən əlavə təhsil alan müdavimlərin dərsləri COVID-19 pandemiyası səbəbindən onlayn təşkil olunub. Kursu müvəffəqiyyətlə bitirən müdavimlər sonda buraxılış imtahanları verib.