“Məktəblinin Dostu” layihəsi çərçivəsində reallaşdırılan “Yay məktəbi”ndə bir gün
Yayın qızmar günlərindən biridir. Yəni, məktəblərin boşalan, kimsəsizləşən, canlı, səsli-küylü vaxtlarının arxada qaldığı günlərdən biri. Xətai rayonundakı 95 nömrəli tam orta məktəb də kənardan bomboş görünür. Ancaq boş deyil. Burada məktəb həyatı davam edir: daha əyləncəli, daha yüksək əhvali-ruhiyyə ilə. Belə ki, iyul ayının ilk günlərindən burada “Məktəblinin Dostu” layihəsinin yay məktəbi fəaliyyətə başlayıb. Bununla da 95 nömrəli təhsil müəssisəsi yay məktəbinin təşkil olunduğu 18 məktəbdən biri olub.
18 məktəbdən biri
Binada sakitlikdir. 1, 8 və 9-cu sinif otaqlarının qapıları açıqdır. 1-ci otaqda monitorlar quraşdırılıb. Monitorda 9-cu sinif otağında hərəkətlilik müşahidə olunur. Uşaqlar yarışırlar. “Məktəblinin Dostu”nun müşahidə otağında növbətçi olan məktəblinin dostu məlumat verir ki, yay məktəbinin üzvləri 9-cu sinif otağındadırlar.
Hazırda V-VI sinif şagirdlərinin iştirakı ilə təşkil olunan yay məktəbi davam edir. Bir neçə gündən sonra, yəni avqust ayından yay məktəblərinin üzvləri VII-VIII sinif şagirdləri olacaq.
Qeyd edək ki, iyul ayı ərzində yay məktəbi 650-yə yaxın şagirdi əhatə edib. Avqust ayında yay məktəbinin təşkil olunduğu məktəblərin və şagirdlərin sayı azalacaq. Belə ki, 14 məktəbdə 400-ə yaxın VII-VIII sinif şagirdinin yay məktəbinə cəlb olunacağı nəzərdə tutulub.
2500 şagirdin təhsil aldığı 95 nömrəli tam orta məktəbdə 5 məktəblinin dostu fəaliyyət göstərir. Yay məktəbi ilə əlaqədar olaraq, hazırda onlar 8 nəfərdirlər: Dilguşə Fətəliyeva, Ayxan Abdullayev, Nüşabə Qaracayeva, Sona Hacılı, Hüseyn Hüseynzadə, Aişə Fərəcli, Qurban Əlizadə və Günel Hacıyeva.
Bəs, yay məktəbinin üzvləri kimlərdir?
Qeyd etdiyimiz kimi, hazırda yay məktəbində V və VI sinif şagirdləridir. 95 nömrəli tam orta məktəbdə təşkil edilən yay məktəbinin 38 nəfər üzvü var. Gələn ay yay məktəbi VII-VIII sinif şagirdi olan 24 nəfər ilə davam edəcək.
Yay məktəbinin şagirdləri öz ərizələri əsasında seçilib. May ayından məktəbdə ərizə qəbuluna başlanılıb. Ərizə ilə yanaşı, uşaqlardan sağlamlıq haqqında arayış da tələb edilib. Dilguşə Fətəliyeva arayışın tələb olunmasında məqsədi belə izah edib: “Hər hansı yoluxucu xəstəliyinin olmadığına əminlik üçün arayış tələb etdik”.
Beləliklə, V-VI sinif şagirdi olan 38 uşaq iyulun 2-dən etibarən yay məktəbinə qoşulub. Bu məktəbin öz qaydaları var. Belə ki, iştirakçıları məktəbin öz şagirdləri arasından seçilirlər. Qonşuluqda yerləşən təhsil müəssisələrinin şagirdlərinin yay məktəbində iştirakına yol verilmir: “Həzi Aslanov” metro stansiyasının yaxınlığındakı məktəblər ərazi nöqteyi-nəzərindən bizə yaxındır. Həmin müəssisələrdən bizim yay məktəbində iştirak arzusunda olanlar çoxdur. Belə müraciətlərin heç birini müsbət dəyərləndirə bilmirik. Layihənin icra olunmadığı məktəblərin şagirdlərini yay məktəbinə qəbul etmirik”.
Ancaq “Məktəblinin Dostu” layihəsinin icra olunduğu 32 təhsil müəssisəsi arasında yay məktəblərinin təşkil olunmadığı məktəblərdən qonaq sakin qəbul edilə bilər. Bir şərtlə ki, məktəblər ərazicə yaxın, valideynlər isə razı olsun. Dilguşə Fətəliyevanın sözlərinə görə, bu, mümkün olsa da, indiyədək reallaşdırılmayıb. Ancaq 95 nömrəli tam orta məktəbdə təşkil edilən yay məktəbində başqa məktəbin şagirdi var: “Məhərrəm adlı şagirdimiz növbəti tədris ilindən başqa məktəbdə təhsil alacaq. Artıq keçmiş şagirdimiz sayılan Məhərrəm yay məktəbində iştirak etməyi çox arzulayıb. Valideyni də bizə zəng edərək bu arzusunu ifadə etdi. “Ərizəsini müsbət cavablandırmağımız üçün Məhərrəmin şəxsi işləri məktəbdə olmalıdır”, - deyə cavab vermişdik. Təsəvvür edin ki, valideyn uşağın avqust ayında yay məktəbində iştirak edə bilməsi üçün sənədlərini məktəbdən götürməyib. Bu, bizim üçün çox xoşdur ki, valideynlər də, ən az şagirdlərimiz qədər fəaliyyətimizdən məmnundur”.
Sən mənimsən, mənimsən...
Beləliklə, yay məktəbində gün başlayır. Hər gün ev sahibi və məşqçi seçilir. Ev sahibi vəziyyət barədə məktəblinin dostlarına məlumat verir. Davamiyyəti yoxlayır, gəlməyənləri müəyyənləşdirir. Sonra məşqçinin rəhbərliyi ilə idman edirlər.
Yay məktəbi yarım gün olur. Günorta saat 2-dək uşaqlar məktəbi tərk edirlər.
Hər gün eyni vaxtda, səhər saat 9-da gimnastika ilə günə başlayırlar. Himn oxuyur və sonra müxtəlif təlimlər keçirlər. Həftənin tək günlərinin bir, cüt günlərinin ayrı məşğuliyyəti olur. Dəyişməyən, hər gün təkrarlanan, dövlət himni qədər onlara doğma olan və elə himnimiz kimi hər gün şəstlə təkrarladıqları bir misra da var: “Sən mənimsən, mənimsən, bədəndə durduqca can, Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!”.
VI sinif şagirdi Fidan Abışova deyir ki, bu misranı hər gün təkrarlamaqdan zövq alırlar: “Özümüz təşəbbüs göstərdik. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar dostlarımıza təklif etdik ki, himnimiz kimi, bu misranı da hər gün birgə təkrarlayaq”.
Teymur Bayramov yay məktəbində günlərinin çox maraqlı keçdiyini söyləyir: “Hər gün maraqlı oyunlar oynayır, yarışlar keçiririk. “Su yarışı”, “Tornado”, “Breyn-rinq” yarışları çox maraqlı olur. İndiyədək elə bir gün olmayıb ki, burada günümüz darıxdırıcı keçsin”.
Təhminə Musazadə yoldaşının sözünə qüvvət verir: “Burada hər işi maraqla görürük. Xüsusən, piknik etmək çox xoşumuza gəlir”.
Yay məktəbində piknik
Bu gün də piknik var. Məktəbin həyətində yerdən süfrə qurublar. Ağacın kölgəsində qurulan məktəbli süfrəsində ancaq onların öz sevdiyi qidalardır. Həvəslə kimin boğçasından nə çıxacağını izləyə-izləyə öz gətirdiklərini süfrəyə düzürlər. Ağız deyəni qulaq eşitmir. Uşaqlar piknik hazırlığına elə aludə olub ki, heç kimə fikir vermirlər. Ad çəkmək, “Ay uşaqlar!!!” deyib səsləmək kara gəlmir. Bu məqamda “Sol əl” qaydası işə düşür. Dilşad Fətəliyevanın “Sol əl qaydası!” deməsi ilə əllər havaya qalxır və ətrafa sakitlik çökür. Bu da onların öz aralarında formalaşdırdıqları vahid dildir. Sol əl qalxanda susur və dinləyirlər. Piknikdə “sol əl” qaydası bir az yersiz görünsə də, başqa çarə yoxdur. Onları söhbətə tutduğumuzdan yemək saatları bir az gecikib. Hər gün saat 11.00 yay məktəbində yemək saatıdır. Gecikmə uşaqları xeyli acdırıb. Ona görə də ipə-sapa yatmırlar.
Sahib Qasımov və Cavid Ağayevlə söhbətləşirik. Sahib deyir ki, birgə yemək xoşuna gəlir. Cavid isə bunun onlara paylaşmağı öyrətdiyi qənaətindədir: “Məncə, insan paylaşmağı bilməlidir. Biz də piknikdə gətirdiklərimizi bir-birimizlə paylaşırıq. Onda yediklərimiz daha dadlı olur”.
Zərərli qidalar
Bəlkə də acmalarına səbəb olan gecikmə deyil, sevdikləri, ancaq inkişafda olan kiçik orqanizmləri üçün zərərli sayılan şirniyyat və atışdırmalıqlar yeyəcək olmalarıdır. Məktəblinin dostları bu dəfə valideynlərdən şikayətlənirlər: “Uşaqların təməli əvvəlcədən yanlış qoyulub. Odur ki, sadəcə biz deməklə uşaqları bu cür qidalardan uzaqlaşdıra bilmirik. Bu məsələdə valideyn də bizimlə eyni qərarı müdafiə etməlidir ki, uşaqlara təsir imkanımız olsun. Dərs vaxtı qazlı və enerjili içkilər, çips, ketçuplu, mayonezli, kremli qidanın məktəbə daxil olmasına yol vermirik. Kameralar vasitəsi ilə nəzarət etdiyimiz və önəm verdiyimiz məsələlərdən biri də məhz budur. Hətta sinif otağında belə aşkar etsək, müdaxilə edir, qarşısını alırıq. Bunların ziyan olduğunu uşaqlara da, valideynlərə də demişik. Dərs ili ərzində bu qaydaya əməl etməyə onları məcbur etsək də, yay məktəbində bunu edə bilmirik. Çünki valideynlər uşaqlarının bunları istədiyini, başqa bir şey yemədiyini iddia edərək xəbərdarlıqlarımıza fikir vermirlər”.
Yay məktəbinin sevimli məşğuliyyətləri
Yay məktəbini uşaqlara sevdirən adi dərs günlərindən fərqli olaraq, bu cür güzəştlər olması deyil, həm də vaxtın çoxunun əyləncələrə ayrılmasıdır. Məsələn, yay məktəbinin iştirakçıları arasında yaxşı oyunçular var. 95 nömrəli məktəbin topu ayağının ucunda məharətlə hərəkət etdirən 9 oyunçusu bu yay peşəkar futbolçularla birgə məşq etmək imkanı qazanıb. Həmin 9 məktəblidən biri - Sadiq Babayev danışır ki, məşqlərə qədər özünün yaxşı oynadığını düşünürmüş: “Neftçili Yay Futbol Düşərgəsi”ndə iştirak etdim. Günün ilk yarısında futbol məşqləri edir, ikinci yarısında isə müxtəlif viktorinalarla biliyimizi təkmilləşdirirdik. Hər mərhələnin yekununda iştirakçılara sertifikatlar və hədiyyələr təqdim olundu. Bu məşqlərdə iştirak edənə qədər elə bilirdim hamıdan yaxşı oynayıram. Bu məşqlərdən sonra anladım ki, bu oyunda öyrənməli olduğum çox şey var”.
Buna baxmayaraq, Sadiq özü ilə qürur duyur: “18 məktəb arasında futbol yarışı keçirildi. Həmin yarışda komandamızın kapitanı kimi məktəbimizi təmsil etdiyim üçün qürur duyuram”.
Sadiq deyir ki, yay məktəbi onun çox xoşuna gəlib. Növbəti il də iştirak edəcək: “Burada çoxumuzun bilmədiyimiz istedadımızı üzə çıxartdılar. Elə mənim də bəzi xüsusiyyətlərim burda ortaya çıxdı. Əvvəllər kompleksim vardı, artıq yoxdur. Üstəlik, yaxşı səsim olduğunu da burada aşkarladılar”.
Elnur Balışov deyir ki, məktəblinin dostları idmanı onların həyat tərzinə çevirib: “Hər gün gələn kimi idman edirik. Çox idman edir, çoxlu tərləyirik”.
“Deyir, Cavid, nə gözəl şəkil çəkirsən!”
Həftənin cüt günləri isə təsviri incəsənət dərnəyi olur. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını bitirən məktəblinin dostu Aişə Fərəclinin təşəbbüsü ilə yaradılan dərnək şagirdlər arasında nə cövhərlər aşkar edib, bilirsinizmi?
Şagirdlər deyir ki, Mahirin rəsm çəkə bildiyini, Ninanın rəsm məktəbinə getdiyini burada öyrəniblər. Cavid Ağayev söhbətə qoşulur: “Elə mən də burda rəsmlər çəkdim. Elə gözəl çəkirəm ki... Aişə müəllim çox bəyənir. Deyir, Cavid, nə gözəl şəkil çəkirsən!”.
Yay məktəbində tədqiqatyönümlülük
Yay məktəbində hər gün ev sahibinin seçdiyi bir kitab ətrafında müzakirələr təşkil edilir. Uşaqlar hər biri ayrı kitab oxuyur, məzmununu digər iştirakçılara da danışır. Sonra müzakirə başlayır. Bundan başqa, Azərbaycan mətbəxindən tutmuş dünya dövlətlərinə, onların bayraqlarına qədər hər mövzuda müzakirələr təşkil edilir.
Yay məktəbinin üzvlərinin bu mövzularda çox maraqlı tədqiqatları ortaya çıxır. Məktəblinin dostu Sona Hacılı deyir ki, bu tədqiqatların müzakirəsi zamanı onlar da məktəblilərdən çox şey öyrənirlər: “Biz də onlardan öyrənirik. Verdiyimiz mövzular ətrafında elə maraqlı məqamlar tapırlar ki, təəccüblənməyə bilmirik. Onlardan öyrənəndə, nəyi ilk dəfə eşidəndə, mütləq deyirik. Buna görə də çox sevinir, daha da həvəslənirlər”.
Yay məktəbinin iştirakçılarının tapşırıqlarından biri də filmlərlə bağlı olur. Həftədə heç olmasa bir dəfə hər hansı filmdən fraqment hazırlayıb gətirirlər. Filmlərə baxır, onu birgə müzakirə edirlər.
Şagirdlərin tədqiqat obyekti olan dövlətlərlə bağlı bilgiləri bir oyuna çevrilib. Yarışa-yarışa Yusif Məmmədli nəinki Avropa, bütün dünya dövlətlərini və paytaxtları tanıyır. Bu məsələdə heç kim onunla yarışa bilmir. Yusif deyir ki, onun yay məktəbində ən xoşuna gələn intellektual yarışlardır. Paytaxtlarından, bayraqlarından ölkələri tanımaq yarışına istənilən şəxslə girə və qalib gələ bilər. Məktəblinin dostu Nüşabə Qaracayeva hazırladıqları slayd əsasında uşaqların necə həvəslə yarışdıqlarından danışır: “Əvvəlcədən hazırladığımız slaydda bir görüntü və paytaxt şəhərin adı qeyd olunub. Uşaqlar bu yarışda paytaxtından dövləti tanımalıdır. Uşaqların ən böyük həvəs göstərdiyi yarışlardandır. Hamı bu yarışa həvəslə qoşulur”.
Zərrin Alquliyeva da ayrı-ayrı mövzular üzrə tədqiqat aparmağı sevir: “Bir çox mövzuda tədqiqat aparmışıq. Bayramlar haqqında məlumatlar hazırlayırıq. Çox maraqlı olur”.
“Onların münasibətlərinin necə normallaşdığını görmək maraqlı olur”
Yay məktəbinin uşaqlara aşıladıqları bunlarla da bitmir. Məktəblinin dostları onlara insanlarla qarşılıqlı münasibətin əsas tərəflərini də öyrədirlər. Kollektiv yemək, birgə düşünmək, ortaq qərar vermək vərdişi şagirdlərin yay məktəbində əldə etdiyi ən böyük qazanca çevrilir. Xüsusən, uşaqların ailə üzvləri ilə münasibətləri dəyişir. Məktəblinin dostu Dilguşə Fətəliyevanın sözlərinə görə, bəzi təlimlər şagirdlərin ailədə münasibətlərinə müsbət təsir edir: “Xüsusən, bədən dili təlimlərimizdən sonra qardaş və bacıları ilə kobud rəftar edən uşaqların davranışında fərq müşahidə edən valideynlər bunu bizimlə minnətdarlıqla paylaşırlar. Eyni zamanda, paralel siniflərdə oxuyan və dərs vaxtı bir-birləri ilə yollaşmayan uşaqlar yay məktəbində birgə təlimlər zamanı yoldaşlarını yenidən kəşf edirlər. Onların münasibətlərinin necə normallaşdığını görmək bizim üçün də maraqlı olur”.
Heyvanlara sevgi
Uşaqlar 95 nömrəli tam orta məktəbin həyətindədirlər. Əksəriyyəti də təkər üstündə. Bəziləri velosiped sürür, bəziləri də konki. Amma bu hərəkətliliyə baxmayaraq, quşlar da rahatlıqla yerdə gəzir, necə deyərlər, uşaqlara qoşulurlar. Quşlara daş atan, təbiətə düşmən kəsilən uşaqlar olsaydı, hər halda quş uçanda qanad salardı, elə deyilmi?
Məktəblinin dostları Nüşabə Qaracayeva və Sona Hacılı yay məktəbində heyvanlara münasibət formalaşdıran mövzuların tez-tez qoyulduğunu deyirlər: “Heyvanlara qarşı qorxu və nifrət deyil, mərhəmət hissi aşılamağa çalışırıq. Bununla bağlı təlimlər keçirik. İsti hava şəraitinin müşahidə edildiyi günlərdə bayıra bir qab su qoymaq lazım olduğunu onlara hər zaman xatırladırıq”.
Psixoloqların dəstəyi
“Məktəblinin Dostu” layihəsi icra olunmağa başlayandan sonra ən çox maraq doğuran məqamlardan biri onların psixoloji cəhətdən çətin qiymətləndirilən uşaqlarla münasibətlərin tənzimlənməsində göstərdiyi fəaliyyət olub. Yay məktəblərində də psixoloqlara müraciət edilir. O qədər sıx olmasa da, psixoloq məsləhətinə ehtiyac duyulur. Ümumiyyətlə, ehtiyac olub-olmamasından asılı olmayaraq, “Məktəblinin Dostu” layihəsi çərçivəsində qurulan Psixoloji Mərkəz fəaliyyətini yayda da davam etdirir. Hər gün psixoloqlar yay məktəblərinin təşkil olunduğu binalara baş çəkirlər. D.Fətəliyeva deyir ki, ciddi psixoloji dəstəyə ehtiyac olmasa da, yay məktəbinin üzvləri arasında xüsusi söhbətlərə cəlb edilənlər olur: “Suada adlı şagirdimiz həddindən artıq küsəyəndir. Tez-tez onun uşaqlarla münasibətlərini tənzimləməli oluruq. Bəzən hətta əməkdaşlarımızdan birini ona təhkim edir, ayrıca söhbət etməli oluruq. Belə söhbətin sonunda Suada yoldaşları ilə razılaşır, hətta üzr belə istəyir”.
Valideynlər onlardan çox razıdır: “Heyif ki, cəmi 1 aydır”
Məktəblinin dostları valideynlərin də daxil olduğu qrup yaradıb və bu qrupda baş verən yeniliklərdən tutmuş uşaqların davamiyyətinə qədər hər şeyi onlarla paylaşırlar. Uşağının hər addımından xəbərdar olması, övladını etibar edəcəyi bir güvənli əlin varlığı hər valideynin ürəyini sakitləşdirir, işini asanlaşdırır. Cavid Ağayevin valideyni Dürdanə Ağayeva deyir ki, uşaqları telefondan uzaq tutan yay məktəbi lap ürəyincə olub: “Gözlədiyimdən daha böyük nəticə aldım. İşlədiyim üçün uşağı başqa yerə də apara bilmirəm. Odur ki, bu yay evdə oturub telefonla oynayacaqdı. Məktəblinin dostları məni də, uşağımı da xilas etdi. Telefonla oynamaqdan gözü ağrıyır, qaməti əyilir. İşdə olanda buna nəzarət imkanım da olmur. Bu ay ərzində yay məktəbində olmaqla Cavidin dünyagörüşü inkişaf etdi, daha çox bilgiləndi”.
Xədicə Kərimova da işləyən valideyn olduğu üçün övladının vaxtının səmərəli təşkili onun lap ürəyindən olub: “Nə ilə məşğul olsalar, şəkillərini məktəblinin dostları paylaşırlar. O qədər maraqlı gün keçirirlər ki, evdə də danışmaqdan doymurlar. Artıq məndə də onların oyunlarına maraq yaranıb. Məktəblinin dostlarının fəaliyyəti sadəcə uşaqların inkişafı baxımından səmərəli deyil, həm də bizim rahatlığımız nöqteyi-nəzərindən əlverişlidir. Az qala uşağın hər dəqiqəsi barədə məlumatımız olur. Heyif ki, cəmi bir ay təşkil olunur”.
Yay məktəbinin kiçik üzvləri
Günün sonunda yay məktəbinin şagirdləri qazanclarını hesablayırlar. Hərənin bir, ya da bir neçə ulduzu var. Elə sevinirlər ki, sanki ulduzları onlara göydən endirib hədiyyə ediblər. Halbuki hər ulduz üçün məktəblinin dostlarının verdiyi nə qədər çətin, ancaq bir o qədər də maraqlı tapşırıqların öhdəsindən gəlməlidirlər. Bəlkə də elə ona görə bu ulduzlar onlar üçün şirindir.
Tunar uşaq arabasında yatan lap kiçik qardaşı Ayazla bacısı Fidanın məktəbdən çıxmağını gözləyir. Bu iki qardaş hələ çox kiçikdirlər. Ancaq Tunar deyir ki, bacısı burada hər şey öyrənir: “Böyüyüb yay məktəbinə mən də gələcəyəm. Onda ən çox ulduz mən alacağam”.
Ruhiyyə DAŞSALAHLI