Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə Məsaməli beton blokları istehsalçısı “AAC” MMC arasında Əməkdaşlıq memorandumu imzalanıb.

       

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova tələbələrin əmək bazarına çıxışını təmin etmək üçün universitet-sənaye işbirliyinin inkişafını  rəhbərlik etdiyi təhsil müəssisəsi üçün prioritet məsələlərdən biri olduğunu vurğulayıb. G.Məmmədova gələcək əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağına əminliyini ifadə edib.
         

Görüşdə iştirak edən inşaat fakültəsinin dekanı Hikmət Məmmədov və Tikinti istehsalatının texnologiyası, təşkili, idarə olunması kafedrasının müdiri Sahib Fərzəliyev əməkdaşlığın üstünlüklərini qeyd edərək müqavilənin hər iki qurum arasında əlaqələrin istiqamətini daha da genişləndirəcəyini, həmçinin tələbələrin gələcək karyerasında mühüm rol oynayacağını bildiriblər. 
         

Məsaməli beton blokları istehsalçısı “AAC” MMC -nin baş direktoru Ayaz Əliyev şirkət olaraq AzMİU ilə əməkdaşlıqda maraqlı olduqlarını, elm ocağının kadrlarının məsləhət və tövsiyələrinə ehtiyac duyduqlarını dilə gətirib.  
         

Çıxışlardan sonra iki qurum arasında əməkdaşlıq sənədi imzalanıb. 
         

Məlumat üçün qeyd edək ki, memorandum təhsil sahəsində qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və inkişaf etdirilməsi, təhsil keyfiyyətinin və tələbələrin peşə fəaliyyətinin yaxşılaşdırılması, tələbələrin təcrübəyə cəlb edilməsi, onların şirkət tərəfindən təşkil olunan və ya aparılan yerli, beynəlxalq layihələrdə iştirak etmələrini, birgə seminarların, kurs və təlimlərin təşkilini, elmi tədbirlərin keçirilməsini əhatə edir.