Peşə Təhsili üzrə Dövlət Agentliyi, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən “Gənclərin biznes emalatxanası” layihəsi çərçivəsində Cəlilabad rayonunda biznes təlimlərinə start verilib.

 

Bununla əlaqədar olaraq Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində tədbir keçirilib. Tədbirdə tərəfdaş müəssisələrin nümayəndələri ilə yanaşı, Gənclər və İdman Nazirliyi və İnsan Hüquqları Üzrə Müvəkkilin (Ombudsmanın) Aparatının regional nümayəndələri iştirak ediblər. Tərəfdaşlar layihənin məqsədi, mərhələləri və əldə ediləcək nəticələr barədə təqdimatla çıxış ediblər.

 

Təlimdə Cəlilabadda peşə təhsili alan sonuncu kurs tələbələri iştirak edir.  Cəlilabad Peşə Liseyində keçirilən təlimdə gənclər KOBİA-nın KOB İnkişaf Mərkəzinin ekspertləri tərəfindən sahibkarlıq fəaliyyəti, satış, korporativ idarəetmə, rəqəmsal bacarıqlar və bu kimi ilkin biznes biliklərinə yiyələnəcəklər. Təlimlər bir həftə davam edəcək. 

 

2021-2023-cü illəri əhatə edəcək layihə ilk olaraq Cəlilabad, Ağdam və Qəbələ rayonlarında həyata keçiriləcək. Layihə dərzi, bitkiçilik və heyvandarlıq, xalçaçılıq, aqrotexniki xidmətlər, dülgər, çilingər, aşpaz, şirniyyatçı, turizm və qaynaqçı kimi sahələri əhatə edir. Layihə çərçivəsində Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən peşə təhsili alan və sahibkarlığa maraq göstərən sonuncu kurs tələbələrinin seçimi, maarifləndirilməsi həyata keçirilir. Sonra bu gənclərin KOBİA tərəfindən biznes təlimlərinə cəlb olunması, onlara mentorluq dəstəyinin göstərilməsi, biznes müəssisələrinə təlim və təcrübə səfərlərinin təşkili nəzərdə tutulur. Üç ay davam edən biznes və peşə təlimlərini uğurla başa vuracaq gənclər seçdikləri fəaliyyət sahəsi üzrə Dövlət Məşğulluq Agentliyi tərəfindən müvafiq avadanlıqlarla təmin olunacaq.

 

Sözügedən layihənin məqsədi peşə təhsil müəssisələrində təhsil alan gənclərin biznes bacarıqlarının inkişaf etdirilməsi, sahibkarlıq fəaliyyətinə təşviq olunması, özünüməşğulluğunun təmin edilməsi, həmçinin mikro və kiçik sahibkarlar arasında peşə təhsili almış gənclərin sayının artırılması, yeni biznes təşəbbüslərinin dəstəklənməsi və peşə təhsilinə marağın artırılmasından ibarətdir.