Bakı Mühəndislik Universitetinin (BMU) tələbələrindən ibarət “Rodimus” komandası “CanSat Azərbaycan 2020” model peyk müsabiqəsinin qalibi olub. Müsabiqənin növbəti mərhələsinə (“Reallaşdırma”) 6 universiteti təmsil edən komandalar buraxılıb və BMU-nun komandası ən yüksək nəticə ilə ilk yeri tutub.

 

Universitetdən bildirilib ki, COVİD-19 pandemiyası ilə əlaqədar təxirə salınan müsabiqə “Azərkosmos” ASC-nin və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

 

Müsabiqənin təşkil olunmasında əsas məqsəd ali təhsil müəssisələrinin tələbələri arasında kosmik sahəyə marağın artırılması, eyni zamanda, bu sahədə fundamental bilik və bacarıqlar formalaşdıraraq yerli kadrların yetişdirilməsidir.

 

Müsabiqədə gənclərin qarşısına qoyulan tapşırıqlar elektronika, mexanika, proqramlaşdırma kimi mühəndislik istiqamətləri üzrə nəzəri və təcrübi biliklərin tətbiqinə və inkişaf etdirilməsinə şərait yaradır. Müsabiqənin şərtlərinə əsasən, komandalar tərəfindən kiçik peyk modeli hazırlanır. Model müəyyən edilmiş hündürlükdən buraxıldıqdan sonra yerə enərkən, təyin olunmuş missiyasını yerinə yetirir.