Bakı Dövlət Universitetinin (BDU) nəzdində Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi yaradılıb.

 

BDU-dan bildirilib ki, öz istedad və imkanlarına güvənən innovativ, yaradıcı tədqiqatçıları cəlb etmək, yeni nəsil alimlərin yetişməsinə töhfə vermək, təhsil və elm sahəsində transformativ təkmilləşdirmələr aparmaq, bir sözlə, təhsil, elm və sənayeni uzlaşdırmaq məqsədilə yaradılan mərkəzdə, ümumilikdə 9 laboratoriyada 70-dən çox tədqiqatçı fəaliyyət göstərəcək.

 

Mərkəzdə yaradılacaq yeni sənayeyönümlü laboratoriyalarda alimlər, tələbə, magistrant və doktorantlar, eləcə də sənayedə çalışan peşəkar mütəxəssislər sənaye və biznes sektorları üçün yeni həllər işləyib hazırlayacaq, bununla da elm və təhsil sektorunu sənaye və biznes dünyasına daha da yaxınlaşdıracaq.

 

Mərkəzin ilkin hədəfi sənaye sektorları - neft və qaz sənayesi, mədənçilik, kənd təsərrüfatı və qida təhlükəsizliyidir. Tədqiqat istiqamətləri isə nano-texnologiyalar, molekulyar biologiya, virusologiya, biotexnologiya, sənaye kimyası, analitik kimya, ekologiya, Yer elmləri, astrokosmik və atmosfer elmləri, həmçinin rəqəmsal tədqiqatlardır. Qeyd olunan sahələrdə sənaye sifarişi ilə bir sıra layihələrin icrasına  artıq başlanılıb.

 

Qeyd edək ki, hazırda ölkənin sənaye sektorunda fəaliyyət göstərən bir sıra müəssisələr laboratoriya ölçmələrini ölkə hüdudlarından kənarda aparmağa məcburdur. BDU-dakı sözügedən Mərkəzin sayəsində artıq bunu Azərbaycanda da həyata keçirmək mümkün olacaq.

 

Azərbaycanda ilk dəfə yaradılan bu tipli Mərkəzin əsas xüsusiyyətlərindən biri də onun təkcə BDU tələbə və əməkdaşları üçün deyil, ölkənin bütün yüksəkixtisaslı tədqiqatçıları, istedadlı tələbələri üçün açıq olmasıdır.

 

Mərkəz Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə əməkdaşlıq çərçivəsində innovativ həllər üçün qarşılıqlı maraq əsasında dövlət, özəl və sənaye sektoru arasında tərəfdaşlığın inkişaf etdirilməsinə dəstək verəcək. Bunun üçün tələbələr və gənc tədqiqatçılar arasında innovativ sahibkarlıq fəaliyyətinin təşviqi məqsədilə BDU-da KOBİA-nın dəstəyi ilə İnkubasiya və Akselerasiya Kolabı da təşkil ediləcək.