Təhsil Nazirliyinin sistemində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri və uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında “Ruhumun ünvanı Şuşa!” adlı respublika rəsm müsabiqəsinə start verilir. Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə keçirilən müsabiqə  3 fevral – 16 mart tarixlərini əhatə edir. 


Müsabiqənin məqsədi Şuşa şəhərinin zəngin abidələrini, memarlıq komplekslərini, göz oxşayan füsunkar  təbiətini, işğal və inkişaf dövrünü uşaq və gənclərin yaddaşına həkk etmək, milli  mədəniyyəti və incəsənəti təbliğ etmək, xüsusi istedada malik olan uşaq və gənclərin yaradıcılıq potensialını inkişaf etdirmək və yeni istedadları üzə çıxarmaqdan ibarətdir.


Müsabiqə 3 yaş qrupu üzrə (7-10, 11-15, 16-20 yaş) 2 mərhələdə keçirilir: 


I mərhələ- 3 fevral - 10 mart 2022-ci il - Bu mərhələdə Bakı şəhərində və regionlarda yerləşən ümumtəhsil məktəblərinin  və uşaq-gənclər inkişaf mərkəzlərinin daxilində yaradılmış təşkilat komitəsi tərəfindən hər üç yaş qrupu üzrə seçilmiş rəsmlər və iştirakçı barədə məlumat etiketə qeyd edilməklə (adı, soyadı, ata adı, təvəllüdü, təmsil etdiyi müəssisə, şəhər, çəkdiyi rəsmin adı, müəllimin və ya dərnək rəhbərinin adı və soyadı rəsmin arxasında yuxarı sol küncə) Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin elektron ünvanına (grbye@mk.edu.az) və  (Azərbaycan, Bakı şəhəri, Nəsimi rayonu 2-ci mikrorayon, Hüseyn Seyidzadə küçəsi 27, AZ 1111  (9 nömrəli tam orta məktəbin binası)) poçtla göndərilməlidir.


II mərhələ -11 mart - 16 mart 2022-ci il – Yekun mərhələdə qaliblər münsiflər heyəti tərəfindən seçilir.


Müsabiqə üzrə tələblər aşağıdakılardır:


- Müsabiqəyə mövzuya uyğun Azərbaycanın qədim şəhəri  Şuşanın vəsfini özündə əks 


etdirən rəsmlər təqdim olunmalıdır;


- Təqdim olunan rəsm əsərləri A3 formatda işlənməlidir;


- Rəsmin işlənmə texnikası sərbəstdir; (quaş, sulu boya, rəngli qələmlər, kollaj, yağlı boya və s.);


- Müsabiqədə bir müəllif  1 rəsmlə iştirak edə bilər;

 

- Müsabiqəyə qatılan təhsil müəssisəsi hər yaş qrupu üzrə 1 rəsm işi təqdim etməlidir;


- Müəllif haqqında məlumatlar etiket nümunəsinə uyğun çap olunub rəsmin arxa tərəfində sol küncünə yapışdırılmalıdır;


-  Müsabiqəyə təqdim olunan rəsm əsərləri geri qaytarılmır. 


- Müsabiqənin birinci mərhələsinin qalibləri respublika mərhələsində münsiflər heyətinin qarşısında müsabiqənin mövzusuna uyğun təyin olunmuş müddətdə rəsmlər çəkəcək. Həmin müddətdə çəkilən işlərin qiymətləndirilməsi aparılmaqla, müsabiqənin qalibləri müəyyən ediləcək. 

 


Müsabiqənin I, II, III yerin qalibləri və fəal iştirakçılar Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin diplom və sertifikatları ilə təltif olunacaqlar. 


Qeyd edək ki, müsabiqə ilə bağlı sualı olanlar (+994) 12 568 42 19 və (+994)  55 539 55 22 telefon nömrələri ilə əlaqə yarada bilərlər.