Təhsil  Nazirliyi yanında İctimai Şuranın üzvləri – millət vəkili Etibar Əliyev, Məleykə Əlizadə və Pərvanə Məmmədova  2021-2022-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyasının monitorinqinin keçirilməsi məqsədilə Bakı Slavyan Universitetində (BSU) olublar.

 

Şura üzvləri BSU-nun xarici dillər fakültəsində keçirilən semestr imtahanlarını və təhsil fakültəsində Yekun Buraxılış Dövlət  Attestasiyasını izləyib, imtahan sualları ilə tanış olub, tələbələrə uğurlar arzulayıblar. Həmçinin imtahan yoxlama və kodlaşdırma otaqlarının, Apelyasiya Komissiyalarının, Əsaslı kitabxananın, Tərcümə və leksikoqrafiya elmi-tədqiqat laboratoriyasının fəaliyyəti ilə tanış olublar.

 

BSU-nun rektoru səlahiyyətlərini icra edən siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Nağıyev qış imtahan sessiyasının təşkili və keçirilməsi qaydaları, statistik göstəricilər barədə geniş məlumat verib. Vurğulanıb  ki, sessiyanın təşkilinə və gedişinə nəzarət  etmək məqsədilə universitet rəhbərliyi, valideyn şuraları, tələbə təşkilatları, müvafiq struktur bölmələrin nümayəndələrindən ibarət İmtahan Qərargahı, fakültələrdə Apelyasiya komissiyaları fəaliyyət göstərir.

 

İctimai Şuranın üzvləri imtahan sessiyasının şəffaf və obyektiv keçirilməsindən məmnun qaldıqlarını bildiriblər.