Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze Bakı Ali Neft Məktəbində (BANM) olub.

 

Ali Məktəbin rektoru Elmar Qasımov öncə BANM-in kampusunu gəzən səfirə burada yaradılan modern tədris şəraiti və tədqiqat mühiti ilə bağlı ətraflı məlumat verib. Sonra keçirilən görüşdə E.Qasımov iki ölkə arasında mövcud olan münasibətlərdən bəhs edərək Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin zəngin tarixə malik olduğunu vurğulayıb. Təhsil sahəsində əməkdaşlığın vacibliyinə toxunan rektor qeyd edib ki, BANM-in məzunları SOCAR-ın və ölkənin müxtəlif sənaye müəssisələrində, eyni zamanda transmilli şirkətlərdə çalışırlar:”BANM ən müasir texnologiyalar və peşəkar pedaqoji heyətlə təmin olunmuş innovativ təhsil müəssisəsi kimi inkişaf edib”.

 

Azərbaycanın Gürcüstan üçün mühüm strateji tərəfdaş olduğunu vurğulayan Zurab Pataradze gürcüstanlı gənclərin BANM-də təhsil almalarında maraqlı olduqlarını ifadə edib və bu istiqamətdə hər cür dəstək verəcəklərini bildirib. Səfir SOCAR-ın Gürcüstanda neft sektorunun ən böyük investoru və ölkənin ən böyük vergi ödəyicilərindən biri olduğunu, yüksək sosial məsuliyyət daşıdığını vurğulayıb. Bildirib ki, şirkətin həyata keçirdiyi layihələr Azərbaycan və Gürcüstan arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə töhfələr verir. 

 

Sonda E.Qasımov Z.Pataradzeyə BANM-in “Fəxri qonaq ” plaketini təqdim edib.