Azərbaycan Texnologiya Universitetində (UTECA) “Acıq qapı” günü təşkil edilib. Rektor, professor Akif Süleymanov valideynlərə bildirib ki, tədris olunan fənlər üzrə tələbələrin bilik və bacarıqlarının qiymətləndirilməsi prosesinin şəffaflığı üçün bütün zəruri tədbirlər görülüb. İmtahanlar test və yazılı üsulla aparılır. Yazılı imtahanların yoxlanılması kodlaşdırma əsasında yerinə yetirilir ki, bu da tələbələrin nəticələrinin obyektiv qiymətləndirilməsinə səbəb olur. 

 

Bakalavr pilləsi üzrə müvəffəqiyyət göstəricisinin 86%, magistratura pilləsi üzrə isə 97% olduğunu qeyd edən rektor vurğulayıb ki, imtahan sualları əvvəlcədən təqdim edilib. İmtahan zalları müşahidə kameraları ilə təchiz olunub. Sessiya müddətində İmtahan Qərargahı fəaliyyət göstərir. Daxil olan müraciətlər Apelyasiya Komissiyası üzvlərinin iştirakı ilə araşdırılır və qanunamüvafiq qaydada təmin edilir. Rektor bildirib ki, bu günə qədər komissiyaya 140 müraciət daxil olub ki, onların yarıdan çoxu müsbət həllini tapıb. Yeniliklərdən danışan rektor bildirib ki, artıq tələbələr öz nəticələrini universitetin rəsmi saytında müvafiq bölmədən də görə bilirlər.

 

Daha sonra valideynlər imtahan prosesini izləyiblər.