Yunanıstanın Qərbi Makedoniya Universitetinin professoru Sarigiannidis Panagiotisin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olub.

 

ADNSU ilə Qərbi Makedoniya Universieti HORIZON 2020 proqramı çərçivəsində “ELECTRON” layihəsi üzrə tərəfdaşdırlar və Azərbaycana səfərdə məqsəd layihənin maksimal dərəcədə səmərəli həyata keçirilməsi yollarını müzakirə etməkdən ibarətdir.

 

ADNSU-nun rektoru, professor Mustafa Babanlı qonaqlara universitetin tarixi, beynəlxalq əlaqələri, tədrisin keyfiyyətinin yüksəldilməsində tətbiq olunan müasir proqramlar və layihələr haqda məlumat verib. Rektor  hazırda icrasına start verilən və Avropa İttifaqının HORIZON 2020 proqramının layihələrindən biri olan “ELECTRON” layihəsinin ADNSU üçün də uğurlu olacağına əminliyini bildirib. “ELECTRON” layihəsinə rəhbərlik edən Qərbi Makedoniya Universitetinin professoru Sarigiannidis Panagiotis Azərbaycanda, o cümlədən ADNSU-da olmaqdan məmnunluğunu bildirib və bu əməkdaşlığın yüksək nəticələr verəcəyinə ümidvar olduğunu vurğulayıb.

 

Sonra Qərbi Makedoniya Universitetinin nümayəndələri ADNSU-nun professor-müəllim heyəti və tələbələrlə görüşüblər. Görüşdə ADNSU-nun dəvətli professoru, HPC üzrə mütəxəssis Ehsan Musəvi mərkəzin fəaliyyəti haqqında geniş məlumat verib, qonaqları maraqlandıran sualları cavablandırıb.  Həmçinin, ADNSU rektorunun İT və İnnovasiyalar üzrə müşaviri Rasim Abdullayev video-təqdimatla çıxış edərək universitetin tarixi və fəaliyyəti barədə geniş məlumat verib.

 

Sonda Qərbi Makedoniya Universitetinin nümayəndələri müəllim və tələbələrin suallarını cavablandırıblar.

 

Qeyd edək ki,  ADNSU bu layihədə HPC Mərkəzin imkanlarından istifadə etməklə layihənin idarəolunması və koordinasiyası, ELECTRON sisteminin arxitekturası, enerji sistemlərində riskin qiymətləndirilməsi, standartlaşdırılması məsələləri, ELECTRON sisteminin inteqrasiyası və sınaqdan çıxarılması kimi bir sıra funksiyaları yerinə yetirəcək.