Sumqayıt Dövlət Universitetinin (SDU) rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, valideynlər və KİV nümayəndələrinin iştirakı ilə 2021–2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının gedişatı izlənilib.
Humanitar məsələlər üzrə prorektor, dosent Ramiz Hüseynov sessiyanın təşkili və gedişatı barədə məlumat verib. Bildirib ki, imtahanların şəffaf keçirilməsi üçün universitetdə bütün lazımi şərait yaradılıb. İmtahan sessiyasının gedişində yarana biləcək şikayətlərin yerində və operativ şəkildə həllini təmin etmək məqsədilə Apellyasiya Komissiyası, eyni zamanda imtahan sessiyasının gedişinə nəzarət və tələbələr arasında yarana biləcək şikayətlərin operativ şəkildə araşdırılaraq aradan qaldırılması məqsədilə İmtahan Qərargahı fəaliyyət göstərir.
İmtahanlarda iştirakçılıq və müvəffəqiyyət göstəricilərinin ürəkaçan səviyyədə olduğunu diqqətə çatdıran prorektor onu da qeyd edib ki, sessiya dövründə universitetin İctimai Nəzarət və Məsləhət Şurasının, valideynlərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə mütəmadi olaraq “Açıq qapı” günləri təşkil edilir. Bu da tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflıq və obyektivliyin təmin olunmasından xəbər verir.
Sonra valideynlər və KİV nümayəndələri ayrı-ayrı auditoriyalarda imtahan prosesini müşahidə edib, tələbələrin imtahanların gedişinə münasibəti ilə maraqlanıblar.