1990-cı ilin 20 Yanvar hadisələrindən 32 il ötür. Azərbaycan xalqı bu qanlı cinayətin acı nəticələrini hər il böyük kədər hissi ilə xatırlayır, ölkənin müstəqilliyi, istiqlalı, hürriyyəti yolunda qurban gedən şəhidləri ilə qürur duyur və onları ehtiramla anır.

 

32 il əvvəl baş verən hadisələr Azərbaycandakı milli oyanışa, xalqın milli özünüdərkinə, içində boy atan azadlıq arzularına, artıq gur səslə ifadə olunan müstəqillik harayına, cəmiyyətin Qarabağ təəssübkeşliyinə yönəlmiş amansız qəsd idi.

 

Azərbaycanda siyasi hadisələr dramatik xarakter almışdı. Ölkədə xaos hökm sürürdü. Xalq milli maraqlara zidd addımlar atan, rəsmi Moskvaya bağlı olan Azərbaycanın o zamankı siyasi rəhbərlərinin istefasını tələb edirdi; Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə göstərilən cəhdlərin qarşısının alınması üçün etirazlarını ortaya qoymaqdan çəkinmirdi. Xalqdakı bu cəsarət, öz haqqını tələb etmə iradəsi, Qarabağı qorumaq cəhdləri isə Kremlə xoş gəlmirdi. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri ona görə Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi ki, bu cəsarəti boğsun; Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ssenarisi başa çatdırılsın.

 

Xalqın gözünü qorxutmaq lazım idi. Ona görə də dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutuldu, böyük sayda insan qətlə yetirildi. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıqla müşayiət edildi. Bu faciənin törədilməsi üçün xüsusi təyinatlı hərbi birləşmələrin tərkibinə 66 min nəfərdən çox əsgər və zabit daxil olmuşdu. Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb olunmuşdu.

 

Diqqət edək: Hakimiyyətdə ermənipərəst qüvvələr, SSRİ-nin ermənipərəst siyasəti və əlinə silah almış erməni əsgəri. Azərbaycanda siyasi maraqlar naminə xalqı əzmək, qırmaq siyasəti işə düşmüşdü.

 

“Bakı əməliyyatı”na rəhbərliyi birbaşa SSRİ müdafiə naziri D.Yazov, SSRİ daxili işlər naziri V.Bakatin, SSRİ DTK sədrinin müavini F.Babkov həyata keçirirdi. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə qabaqcadan elan olunmadı! Elan olunana kimi isə artıq hərbi qulluqçular tərəfindən 82 nəfər amansızcasına qətlə yetirildi. 20 nəfər ölümcül yaralandı. Kütləvi insan qırğını törədildikdən sonra – yəni 20 yanvar 1990-cı il səhər saat 5.30-da radio vasitəsilə Bakı şəhər komendantı V.Dubinyak fövqəladə vəziyyət tətbiq edildiyi barədə rəsmi məlumatı efirə verdi. Halbuki, yanvarın 20-də saat 00-dan başlanmış hərbi əməliyyatlarda tanklardan və müxtəlif təyinatlı zirehli döyüş maşınlarından istifadə edilmiş, Xəzər Hərbi Donanmasına məxsus gəmilərdən şəhərə desant çıxarılmışdı. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürüldü.

 

Qanlı yanvar hadisələrinin coğrafiyası təkcə Bakı deyildi. Rayonlarda da qəddarlıq səhnələri yaşanırdı. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda -yanvarın 25-də Neftçalada, yanvarın 26-da Lənkəranda 8 nəfər qətlə yetirildi. Ümumilikdə respublikada 147 nəfər öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edildi. Dövlət, ictimai və şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5.637.286 rubl miqdarında maddi ziyan vuruldu.

 

Bütün bu hadisələrin məsuliyyətli tərəfləri var idi: konkret Azərbaycanın siyasi rəhbərliyi. Hərbi təcavüzün qarşısını almaq üçün heç bir tədbir görmədiyinə görə! Bu cinayətlərin qarşılığında həmin siyasi rəhbərlik istefa verməli idi, fəqət abırsızcasına öz kreslolarından yapışdılar, xalq əziləndə susdular, dillənmədilər.

 

SSRİ rəhbərliyi günahkar idi, çünki Qara Yanvar ssenarisi Kremlin siyasi kabinetlərində hazırlanmışdı, əsgərə əmr yuxarıdan verilmişdi. Fəqət, Baş Prokurorluğun ədliyyə polkovniki V.Medvedyevin istintaq qrupu hərbçilərin hərəkətlərində cinayət tərkibinin olmaması nəticəsinə gəldi və 20 iyul 1990-cı il tarixində cinayət işinin xitam olunması qərarı verildi. 100 cildlik istintaq materiallarının 68 cildi Bakıdan Moskvaya, keçmiş SSRİ Prokurorluğuna aparıldı və qaytarılmadı. Beynəlxalq hüquqla ortada insanlıq əleyhinə qəsd faktları olmasına rəğmən, bu cinayətlərin üstü örtüldü. SSRİ rəhbərliyindən kimsə mühakimə olunmadı, məhkəmə qarşısında dayanmadı, dəmir barmaqlıqlar arasına girmədi. Amma xalq onları mühakimə etdi, həm də daha ağır formada!

 

Məsuliyyət daşıyan məmur təbəqəsi bu hadisələrin dəlil-sübutlarını yox etsələr də, qaranlığa qərq etsələr də, xalq üçün hər şey gün kimi aydın idi. Aydın idi ki, Sovet hökumətinin siyasi elitası qatı cinayətkardır. Bu elita Azərbaycanın ərazi bütövlüyünə qəsd planı tərtib edir, ölkəni parçalamaq, müstəqillik uğrundakı mübarizəni boğmaq istəyir.

 

Faciədən sonra müstəqillik ideyaları ümummilli amala çevrildi. Xalq öz gələcəyini yalnız Azərbaycanın müstəqilliyində görməyə başladı. 20 Yanvar faciəsi xalqı daha da birləşdirdi, onu daha da mübariz etdi. Milli azadlıq hərəkatını böyütdü, müstəqillik yolunda güclü bir xalq dəstəyini formalaşdırdı. Baş vermiş hadisələr dünya azərbaycanlılarının təşkilatlanmasına səbəb oldu. Dünya azərbaycanlıları ilk dəfə olaraq milli faciəmizin tanıdılması naminə yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa başladılar.

 

Hadisələrin Sovet İttifaqı üçün nəticəsi, xalqın verdiyi cəza o oldu ki, imperiya özünün bütün mənəvi və sosial dayaqlarını itirdi. Qüdrəti ilə öyünən Sovet imperiyası tamamən çökdü. Sovet İttifaqı Kommunist Partiyasının süqutu başladı. Mövcud rejimə qarşı son həddə çatan nifrətin nəticəsində ziyalılar, məmurlar, partiya üzvü olan insanlar partiya biletlərini ataraq onun sıralarını tərk etdilər.

 

20 Yanvar hadisələri ilə əlaqədar ilk rəsmi etiraz ulu öndər Heydər Əliyev tərəfindən səsləndirildi. Bakıdakı siyasi rəhbərlik susarkən, o, 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəldi, qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Ümummilli lider cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. 

 

Qanlı Yanvar hadisələrinə ilk hüquqi qiymət də ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən verildi.

 

Azərbaycana siyasi rəhbərliyə qayıdanda da 20 Yanvar hadisələri diqqətdə saxlanıldı. Ulu öndərin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Bundan başqa,1998-ci ildə“20 Yanvar Şəhidi” fəxri adı təsis edildi. Prezident İlham Əliyev tərəfindən bu xətt davam etdirildi və 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər, şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşdırıldı. “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir. Beləliklə, 20 Yanvar şəhidlərinin xatirəsi ölkəmizdə layiqli şəkildə əbədiləşdirildi.

 

Bu unudulmaz tarix özündə təkcə dəhşətli insan faciəsi faktlarını saxlamır, bu tarix həm də ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın qeyrətini, şərəfini, əzmini özündə yaşadır. 20 Yanvar dəhşətli faciə olmaqla yanaşı, həm də Azərbaycan xalqının qorxmazlığının, cəsurluğunun, milli maraqlar üçün göstərdiyi böyük fədakarlığının qürurlu nümunəsidir.

 

V. ALLAHVERDİYEVA