Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) British Council-ın Azərbaycandakı ofisinin təmsilçiləri ilə görüş keçirilib.

 

Görüşdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, tədris işləri üzrə prorektor, dosent Qasım Məmmədov, beynəlxalq əlaqələr üzrə prorektor, dosent Rafiq Camalov, beynəlxalq əlaqələr üzrə prorektorun müavini Ülviyyə Abbasova, Xarici dillər kafedrasının müdiri, dosent Fəridə Hüseynova, həmçinin British Council-ın Azərbaycan üzrə direktoru Francis Gardener-Trejo, ingilis dili və təhsil üzrə meneceri Nərgiz Hüseynova, imtahanlar üzrə meneceri Nərgiz Əkbərova iştirak ediblər.

 

ADNSU-da ingilis dilinin tədrisini beynəlxalq səviyyədə inkişaf etdirmək üçün hərətərəfli işlər görüldüyünü deyən rektor M.Babanlı cari tədris ilindən British Council ilə bir çox yeni layihələrin nəzərdə tutulduğunu vurğulayıb.

 

ADNSU ilə tərəfdaşlıqdan məmnun qaldığını deyən British Council-un Azərbaycan üzrə direktoru F.G.Trejo əməkdaşlığın yeni mərhələsində bir sıra yeniliklərin gözlənildiyini,  o cümlədən ADNSU-nun “British Council Gold Partner” kimi qəbul olunması məsələsinin müzakirə olunduğunu bildirib.

 

Görüşdə, həmçinin ADNSU-da tələbə və müəllimlərə davamlı İELTS və APTİS imtahanlarının keçirilməsi üçün imtahan mərkəzinin yaradılması, həmçinin 1-ci və 2-ci kurs tələbələri üçün APTİS imtahanları və layihədən irəli gələn digər əhəmiyyətli məsələlər müzakirə edilib.

 

Tərəflər arasında yeni layihələr üzrə irad və təkliflər dinlənilib, geniş fikir mübadiləsi aparılıb.