Mingəçevir Dövlət Universitetində (MDU) Kimya laboratoriyasının açılışı olub.

 

Mühəndislik fakültəsinin Fizika və ekologiya kafedrasının nəzdində fəaliyyət göstərəcək laboratoriyanın açılışında professor-müəllim və tələbə heyəti, MDU İctimai Nəzarət Şurasının üzvləri və tərəfdaş sənaye müəssisələrinin nümayəndələri iştirak ediblər.

 

MDU-nun rektoru Şahin Bayramov Kimya laboratoriyasının tədrisin məzmununun təkmilləşdirilməsi baxımından əhəmiyyətindən bəhs edib. Mühəndislik profili üzrə yüksək ixtisaslı kadr hazırlığı istiqamətində universitetdə həyata keçirilən tədbirlərdən danışan rektor laboratoriyanın tələbələrin praktiki bilik və bacarıqlarının inkişafına mühüm töhfələr verəcəyinə əminliyini bildirib.

 

Son dövrlər MDU-da tədris və elmi fəaliyyətin inkişafı istiqamətində görülən işlərdən məmnunluğunu ifadə edən “Azərbaycan İES” MMC-nin direktoru Təhmasib Hüseynov əmək bazarının tələblərinə uyğun kadr hazırlığı sahəsində MDU-nun rolundan danışıb, mühəndislik fakültəsinin tələbə və əməkdaşlarını yeni laboratoriyanın yaratdığı imkanlardan faydalanmağa dəvət edib.

 

MDU İctimai Nəzarət Şurasının üzvləri Ədalət Quliyeva, Mirsədi Daşdəmirov və Esmira Hidayətova yeni laboratoriyanı universitetin növbəti uğuru kimi dəyərləndiriblər.

 

Sonra mühəndislik fakültəsinin dekan əvəzi Almaz Əliyeva, Fizika və ekologiya kafedrasının müdiri Təranə Yusibova, kafedranın dosentləri Adil Aslanov və Məhyəddin Mehdiyev çıxış edərək, yeni laboratoriyanın yalnız kimya istiqaməti üzrə deyil, fizika və ekologiya istiqaməti üzrə də müvafiq fənlərin tədrisi baxımından faydalı olacağını vurğulayıblar.

 

Bildirilib ki, Kimya laboratoriyası tipləmə üsulu ilə müxtəlif maddə qarışımlarının alınması, reaksiyanın sürətinin hesablanması, spesifik tədqiqatların yerinə yetirilməsi, texniki və elmi təcrübələrin aparılması üçün zəruri avadanlıqlarla təchiz olunub.

 

Sonda fakültənin tələbələri müxtəlif kimyəvi elementlərin qarışdırılaraq reaksiyaya girməsi və yeni məhlulların alınması ilə bağlı nümunələr nümayiş etdiriblər.